Gülər Əhmədovanın məhkəməsindən maraqlı məqamlar – II REPORTAJ
04 noyabr 2013 23:19 (UTC +04:00)

Gülər Əhmədovanın məhkəməsindən maraqlı məqamlar – II REPORTAJ

Noyabrın 4-də sabiq millət vəkili Gülər Əhmədovanın barəsində açılmış cinayət işinə görə başlanmış cinayət işinin məhkəməsi şahid ifadələrinin dinlənməsi ilə davam etdirildi. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclas yarım saat gecikmə ilə başladı. İclasda iştirak edənlər arasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov və digər qohumları vardı. Lakin qohumlarının sayı keçən dəfəkinə nisbətən bir qədər az idi. Prosesə nəzarət edən məhkəmə nəzarətçilərinin sayı və diqqətində artım müşahidə edilirdi.

 

Gülər Əhmədova bu iclasa da keçən dəfələrdəki kimi eyni libas və görkəmdə gəlmişdi. Özü ilə yenə plastik butulkada su və çox qalın, köhnə bir kitab da gətirmişdi.

 

Sevinc Babayevanın yası Gülər Əhmədovanın pulu ilə verilib

 

Məhkəmə prosesi şahid ifadələrinin dinlənməsi ilə davam etdirildi. İlk olaraq şahid qismində Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verdi. Məlum oldu ki, A.Məmmədov ibtidai istintaq dövründə müstəntiqə 8 dəfə ifadə verib. O, məhkəmə qarşısında verdiyi 8 ifadənin hamısını təsdiqlədiyini bəyan etdi: “Nə baş vermişdisə, anam hamısını mənə danışıb. Onun Gülər Əhmədova ilə münasibətləri 2005-ci ildən sonra pozulmuşdu. Elşad Abdullayevdən pul almaq məsələsinə görə. Neçə illər idi, danışmırdılar. Gülər Əhmədova heç babamın yasına da gəlməmişdi. Sentyabr ayının axırları idi. Gülər xanım anama zəng vurdu, Hökumət Evindəki ofisinə çağırdı. İsrar edirdi. Birlikdə getdik “Mərkəz” qəzetinin ofisinə. Anam çıxandan sonra dedi ki, daha Türkiyəyə gedir. Amma mən buna qarşı idim. Noyabrın 11-də xalamla Türkiyəyə getdik. Orda bizi Səlçuk Ağlayanın oğlu qarşıladı. Getdik gördük ki, anam pis şəraitdə yaşayır. Yeməyi yox idi, xəstə idi. Sabahı günü Səlçuk bizi restorana apardı. Orada Gülər Əhmədova ilə əlaqə saxladıq, anam onunla skype vasitəsi ilə danışırdı. Gülər xanım dedi ki, darıxma, hər şey yaxşı olacaq. Amma mən anamı bura gətirmək istəyirdim. Bura qayıdandan sonra Gülər Əhmədovaya zəng vurdum. Əvvəl telefona cavab vermədi, amma nəhayət, danışa bildim onunla. Dedim ki, anamı bura gətirmək istəyirəm. O da dedi ki, gətirsən burda həbs edəcəklər ananı. Bundan sonra yenidən Türkiyəyə qayıtmaq istədim, amma çıxışıma qadağa qoyulmuşdu”.

 

İttihamçı-prokuror Eldar Həmzəyev A.Məmmədova bir neçə sula verdi.

 

Prokuror: 8 dəfə ifadə vermisiniz, onlardan hansı doğrudur?

 

A.Məmmədov: Hamısı...

 

Prokuror: Ananla Gülər Əhmədovanın münasibətlərini nə vaxtdan bilirsiniz?

 

A.Məmmədov: 1996-97-ci illərdən anamla Gülər xanımın əlaqələri olub.

 

Prokuror: Elşad Abdullayevi nə vaxtdan tanıyırsınız?

 

A.Məmmədov: Həmin vaxtlardan tanıyıram. Anam universitetə gedəndə, hərdən məni də aparırdı.

 

Sevinc Babayevanın oğlunun lüks avtomobilləri

 

Ayxan Məmmədov ifadəsinə sərbəst formada davam etdi: “Anam 1 milyon pulu alıb verib Gülər xanıma - 500 min bir, 500 min də bir. Bunların hamısını mənə anam danışıb. Sonra da videolara görə, Gülər xanım anamı Türkiyəyə göndərdi ki, 10-15 gün qal, sonra gələrsən. Anam mənə də, nənəmə də dedi ki, onu Gülər xanım göndərir. Daha sonra, daha dəqiq desək, noyabrın 11-nə keçən gecə xalamla - Təranə Səfərova ilə Türkiyəyə, anamın yanına getdik. Anam ikiotaqlı evdə tək qalırdı, bütün sənədləri üstündə idi. Anam skype ilə danışanda Gülər xanımın səsi eşidilsə də, üzü görünmürdü. Amma bizimlə danışan adamın Gülər xanım olduğunu bilirdim. Mən istəyirdim ki, Gülər Əhmədovanın səsini yazım. Amma anam buna imkan vermədi. Anam qayıtmaq istəyirdi, Gülər xanım isə buna imkan vermirdi. Torpaq məsələsi ilə bağlı (Sevinc Babayeva barəsində 2007-ci ildə Sabunçu RPİ-də dələduzluq maddəsi ilə cinayət işi açılıb. Daha sonra cinayət işinə xitam verilib - N.R) Gülər xanım deyirdi ki, sənə cinayət işi açılıb, bura gələn kimi tutacaqlar. Onu da deyim ki, anam Türkiyəyə gedəndə mənə dedi ki, gedərsən Gülərin yanına, sənə bilet alıb verəcək. Amma Gülər xanım bilet almadı, dedi ki, tezdi. Bildiyimə görə, Gülər xanımın yoldaşı da anama pul verib. Anam mənə dedi ki, Fikrət ona 1000 dollar verib. Mən də 500-600 dollar verdim. Mən orda olanda bildim ki, anam xəstədir. Hər gecə ağrıyırdı. Təcili Tibbi yardım gəlirdi. Mən Bakıya qayıdandan sonra anam orda klinikaya gedib, amma qəbul etməyiblər. Çünki sənədi yox imiş”.

 

Ayxan Məmmədov anasının ölümü ilə bağlı da danışdı: “Mənə Səlçuk demişdi ki, ananın adı dəyişib. Dekabrın 26-da Səlçuk mənə mesaj yazdı ki, 16 min pul lazımdır. Sonra həmin məbləğ 20 min oldu. Getdim Gülər Əhmədovanın yanına. Dedim belə-belə. Sonra, dekabrın 28-də mesaj gəldi ki, “başınız sağ olsun, ananız vəfat edib”. Amma anam dekabrın 26-sı ölmüşdü. Gülər xanım 20 min dolları nənəmə verdi. O pul da Səlçuka çatmalı idi. İstəyirdim anamın cənazəsini özüm gətirdim. Pulu Səlçuka vermək istəyəndə, qorxdu, götürmədi. Biz də həmin pulu anamın dəfninə, yasa sərf etdik”.

 

Bu ifadədən sonra Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun şahidə sualları başladı.

 

Vəkil: Ananızı Türkiyəyə kim göndərib?

 

A.Məmmədov: Gülər Əhmədova

 

Vəkil: Ananız hansı nömrələrdən istifadə edirdi?

 

A.Məmmədov: Burda öz, Türkiyədə Səlçukun nömrəsindən.

 

Vəkil: Türkiyəyə gedərkən ananızı niyə gətirmədiniz?

 

A.Məmmədov: Gülər xanım imkan vermədi.

 

Vəkil: Ananızın neçə yaşı var?

 

A.Məmmədov: 1972-ci il təvəllüdlüdür.

 

Vəkil: Qabiliyyəti yerindəydi?

 

A.Məmmədov: Bəli.

 

Vəkil: Dediniz ki, ananız Gülər xanımla skype vasitəsi ilə danışdı. Orda nə söhbət oldu?

 

A.Məmmədov: Gülər Əhmədova dedi ki, ara sakitləşsin gələrsən, darıxma.

 

Vəkil: Ananız harada işləyirdi?

 

A.Məmmədov: Mədəniyyət və Turizm Nazirliyində. Xətai rayonundakı kitabxanada.

 

Bundan sonra vəkil Ayxan Məmmədovdan anasının hələ Bakıda olarkən hansı xəstəliklərdən əziyyət çəkməsini və xəstəxanalarda müalicə olunması barədə soruşdu.

Ayxan Məmmədov da cavabında anasının Mərkəzi Neftçilər və Gömrük xəstəxanalarında müalicə olunduğunu, lakin ona hansı diaqnozların qoyulduğunu bilmədiyini dedi. Vəkil Əfsər Talıbov xəstəxanalardan sorğu əsasında əldə edilmiş diaqnoz sənədlərini hakimə təqdim etdi.

 

Ayxan Məmmədov vəkilin Sevinc Babayevanın Türkiyədə başqa adla yaşaması barədə suala cavab verdi: “Anam Səlçuku Gülər Əhmədova vasitəsi ilə tanıyıb. Mən noyabrın 11-dən sonra bildim ki, anam orda Məryəm Solmaz adı ilə yaşayıb (bu zaman vəkil yüksək səslə A.Məmmədovdan suallara konkret cavab verməsini tələb etdi, şahid də vəkilə “qışqırmayın, sakit danışın” deyə cavab verdi)”.

 

Vəkil sözünə davam etdi: “Ananı kim qoymurdu bura qayıtmağa? Sən niyə Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət etmədin? Anana nə mane ola bilərdi axı”?

 

Hakim Gülər Əhmədovadan A.Məmmədova sualının olub-olmamasını soruşdu.

 

G.Əhmədova: Ayxan, sən mənim ananla münasibətimi necə bilirdin?

 

A.Məmmədov: Həmişə gediş-gəlişimiz olub. Biz sizə, siz bizə gəlirdiniz. 2005-2006-dan sonra münasibətlər pisləşdi. Siz mənim anamın çörəyinə bais oldunuz. Elşadla arasını vurdunuz. Pul qazanırdı, ABU-ya uşaq düzəldirdi, hamısından əlimiz çıxdı. O söhbətlərdən sonra mən bədbəxt oldum.

 

Gülər Əhmədova: Sənin indiyədək hansı maşınların olub?

 

A.Məmmədov: “Mercedes”, “Audi Q7”, “İnfinity”, “Toyota Prado”, “Hummer”, “Jeep”, “BMW”…

 

Gülər Əhmədova: 2006-cı ildən sonra anan iki ev aldı, elədirmi?

 

A.Məmmədov: Satdı hamısını.

 

Gülər Əhmədova: Prospektdəki evdə ananla sən qalırdın?

 

A.Məmmədov: Bəli.

 

G.Əhmədova: Sən ananla nə qədər yaşamısan? “Space”-in yanındakı evdə anan kimlə qalıb?

 

A.Məmmədov: Nə qədər lazımdı o qədər, yaşamışam anamla. Mən həm anamın, həm də nənəmin yanında qalırdım.

 

G.Əhmədova: Anladın ki, evləri də maşınları da, 2006-cı il ərəfəsində almısınız, yaxşı maşınların olub. Öz maşınlarını nə vaxt almısan?

 

A.Məmmədov: 2005-ci ildən olub maşınlarım. Siz telefonda həmişə söyürdünüz bir-birinizi. Elşad Abdullayevin pullarına görə...

 

G.Əhmədova: Belə çıxır ki, ananla mənim münasibətim ancaq Elşadın puluna görə pozulub?

 

A.Məmnmədov: Bəli, mən bildiyimə görə elədir.

 

G.Əhmədova: Əsgərlikdə harada qulluq eləmisən?

 

A.Məmmədov: Milli Təhlükəsizlik Nazirliyində. 2009-cu ilin iyulunda əsgərliyi bitirmişəm.

 

G.Əhmədova: Ananla skype ilə nə danışırdıq?

 

A.Məmmədov: Söhbət 10-12 dəqiqə çəkdi. Elşadın puluna görə mübahisə edirdiniz. Elşad Abdullayevin, başqa vəzifəli adamlarına adlarını çəkirdiniz. Anam Bakıya qayıtmaq istəyirdi.

 

Sevinc Babayevanın qolundakı döymənin sirri

 

Gülər Əhmədova daha sonra Ayxan Məmmədova onun uşaqlığı, uşaqlıqdakı münasibətləri barədə suallar verdi. Hakim Əlisultan Osmanov işin mahiyyətinə uyğun olmadığı üçün suallara irad tutdu.

 

Ayxan Məmmədov: Siz mənim anamdan istifadə etmisiniz. Anamın ölümünə görə siz məsuliyyət daşıyırsınız. Hər şeyə də siz bais oldunuz. O sizə inanırdı. Siz deyirdiniz ki, anam qayıtsa onu da, sizi də həbs edəcəklər. Mən Türkiyəyə gedəndə, xalamı orda qoyub gəldim. Burda prokurorluğa gedib ifadə verdim. Amma artıq ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Gedib anamı gətirə bilmədim

 

Gülər Əhmədova: Yadında olar, ananın qolunda döymə vardı, orda nə yazılmışdı?

 

A.Məmmədov: Allah, Allahu Əkbər yazılmışdı.

 

G.Əhmədova: Amma mən sənə o yazının əsl səbəbini deyəcəm, cənab hakim olarmı yaxınlaşsın, Ayxanın qulağına deyim. Hakim: Bunun məsələyə nə dəxli var axı (icazə vermir)

 

Elşad Abdullayev pulu Mərdəkan yolunda verib

 

Bundan sonra Gülər Əhmədova üzünü Ayxan Məmmədova tutaraq “Deyirsən ki, mən sizi tanıyanda imkanlı olmusunuz, biz isə kasıb. Heç bilirsənmi ki, mən o zaman Gənclər və İdman Nazirliyində idarə rəisi idim”.

 

Ayxan Məmmədov: Bilirəm ki, deputat deyildiniz.

 

G.Əhmədova: Torpaq məsələsinə görə, anana cinayət işi açılanda ona vəkil tutmuşdum. Bilirsən onu?

 

A.Məmmədov: Bilirəm, əvvəl rəfiqə olmusunuz. Anam da sizə çox köməklik göstərib. əliniz çatıb kömək etmisiniz də.

 

Hakim Ayxan Məmmədova sual verdi: Ananız sizə deyibmi ki, mən Gülər Əhmədova ilə birlikdə Elşad Abdullayevdən 500 min bir, 500 min də bir pul almışam. Elşad Abdullayev deputat seçilməyib. Gülər Əhmədova pulu qaytarmayıb və Elşad Abdullayevlə münasibət pozulub...

 

A.Məmmədov: Mən bilirəm ki, pul alınıb. Özü də Mərdəkan yolunda alınıb pul.

 

Hakim Ayxan Məmmədovun ibtidai istintaqa verdiyi ilk ifadəni oxudu. Burada A.Məmmədovun uşaqlıq illəri, atası ilə bağlı bəzi qeydlər vardı: “Anamla atam mənim 1-2 yaşım olanda boşanıb. Anam həmişə deyərdi ki, atan narkoman olduğu üçün ondan boşanmışam”.

 

İlk ifadədə Sevinc Babayevanın evlərini və maşınlarını satıb ABU-da diplom ala bilməyən tələbələrə ödəməsi də qeyd edilirdi: “Anam evləri satdıqdan sonra Sahil metrostansiyasının üstündəki çoxmərtəbəli binada kirayə yaşayıb. O, son olaraq “Toyota Prado”nu satıb və daha ucuz “Jeep” alıb. Həmin avtomobil hazırda qeyd etdiyim binanın qarajındadır”.

 

İfadədə Ayxanın Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovla telefon danışığı, Sevinc Babayevanın ölümü barədə maraqlı fikirlər vardı. Digər qeydlər məhkəmədə verilən şifahi ifadə ilə eynilik təşkil edirdi.

 

Bundan dərhal sonra Gülər Əhmədova Ayxan Məmmədova üzünü tutaraq “Gəl sən birdəfəlik de ki, siz günahkar deyilsiniz, mənim bilmədiyim bir şey var. Ya da de ki, bunları mənə müəllimim öyrədib” - dedi.

 

A.Məmmədov: Mənim müəllimim yoxdur.

 

G.Əhmədova: Ananın elmi dərəcəsi vardımı?

 

A.Məmmədov: Dəqiq bilmirəm, amma bilirəm ki, vardı. Bilirsiz, mənim yaddaşım çox zəifləyib. Axır vaxtlar, ümumiyyətlə, yaddaşım qalmayıb.

 

G.Əhmədova: Belə anladım ki, ancaq Elşad yadında qalıb...

 

A.Məmmədov: Nə lazımdısa, yadımdadı.

 

G.Əhmədova: Halaldı sənə, bravo. Anan sənə inanmırdı heç. O, mənə demişdi ki, Ayxan bura maşına etibarnamə almağa görə gəlir. Mən nə qədər edirəm, yanımda qalmır.

 

Ayxan Məmmədovdan sonra məhkəməyə şahid Hikmət Bağırov ifadə verdi. O, Selçuk Ağlayanı şəxsən görmədiyini və onunla telefonla danışdığını bildirdi.

 

6 il Sevinc Babayevanın əri olmuş kişi danışdı

 

Məhkəmədə H.Bağırovun ardınca digər şahid Vidadi Qədirovun ifadəsi dinləndi. Sıralamada V.Qədirov Hikmət Bağırovdan öncə olsa da, bir balaca gecikmişdi. Buna görə də məhkəmə salonuna daxil olar-olmaz hakim Əlisultan Osmanov üzünü V.Qədirova tutub “Qədirov haralardasan, bayaqdan səni gözləyirik” - deyə, yüngülvari zarafat etdi.

 

V.Qədirov da cavabında “Mən də bayaqdan burda sizi gözləyirəm” dedi. Zarafatlaşma bununla bitmədi. Şahid andını ürəyində oxuyan V.Qədirova hakim irad tutdu və ucadan oxumağını tələb etdi. Andı oxuyan V.Qədirov “Sizdə içməyə başqa şey yoxdu?” - deyə atmaca atdı.

 

V.Qədirovun ifadəsindən məlum oldu ki, o 6 il müddətində Sevinc Babayeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayıb: “Sevinci çoxdan tanıyıram. Yaxın münasibətlərimiz olub, qadın-kişi münasibətləri. 1998-2004-cü illərdə. Ev tutmuşdum, birgə yaşayırdıq. Ona qızıl-zinət, pal-paltar, hədiyyələr alırdım. Maşın da almışdım Sevincə - VAZ 21099. Sürücü sürürdü maşını. Daha sonra imkanları çox artdı. Mənə də deyirdi ki, Elşad mənə çox kömək edib. Elşada minnətdarlıq edirdi. Sonra dost kimi ayrıldıq. Tez-tez görüşməsək də, mütəmadi telefonla əlaqə saxlayırdıq. Ən çox da oğlu ilə bağlı problemlərə görə. Sözünə baxmayanda, bir problemi olanda mənə müraciət edirdi. Oğlan məni uşaq vaxtından tanıyır. Bu məlum məsələdən də internetdən xəbər tutdum. Ayxana zəng vurdum dərhal. Sonra Ayxan da tez-tez zəng vururdu mənə. Sevinc ilk dəfə mənə gizli nömrədən yığmışdı. Onun xaricdə olduğunu bilmirdim. Daha sonra bildim ki, Türkiyəyə gedib. O, bura qeyri-leqal yolla qayıtmaq istəyirdi. Sonradan başa düşdüm ki, sənədi olmayıb, ona görə belə edirmiş. Mən isə deyirdim ki, gəl, səni həbs etməzlər. Min təyyarəyə, gəl, uzağı 1-2 gün saxlayıb buraxarlar. Deyirdi ki, qorxuram, gələ bilmərəm. Mənə telefonda Gülər Əhmədovadan da danışmışdı”.

  

“Çox hörmətli” şahid ifadə verdi

 

Günorta fasiləsindən sonra şahid qismində Səyyarə Heydərova ifadə verib. O, Elşad Abdullayevin yaydığı videomaterialların montaj olunduğunu bildirib. S.Heydərova bildirib ki, internetdə kadrları görən kimi onların montaj olduğu qənaətinə gəlib. daha sonra o bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb: “Toğrulla internet klubda görüşdük. Ona dəqiqəbədəqiqə montaj və təkrar kadrları göstərdim. Daha sonra internetdə tanınmış ekspert Zubovla yazışmağa başladım. Onların qarşısında bu lentlərlə bağlı çoxlu suallar qoymuşdum. Bütün suallara cavab tapa bilmədilər. Ekspertizanı Moskvaya, hətta Polşa prezidentinin ölümünü də araşdırmış xüsusi laboratoriyaya göndərdik. Onlar da kadrların montaj olmasına rəy verdilər”.

 

İfadə verərkən S.Heydərovanın xeyli gərgin və əsəbi olması hiss olunurdu. İfadə verərkən ittihamçı-prokuror Eldar Həmzəyevin gülümsəməsi onu daha da qıcıqlandırdı: “Mən bu işləri Lətifovdan da yaxşı bilirəm. Lisenziyam olmasa da, hüquqşünas ixtisasım var”.

 

S.Heydərovanın əsəbi olmasını görən hakim havanı yumşaltmağa çalışdı: “Buradakılar sizin sahənin mütəxəssisi deyil. Niyə hirslənirsiniz ki. Prokuror da sual verir ki, aydınlaşsın hər şey. Sən xaricə getmisən, əziyyət çəkmisən”...

 

S.Heydərova: Mən heç hara getməmişəm. Elə Bakıda oturub eləmişəm.

 

S.Heydərova ifadəsini bitirdikdən sonra hakim proses iştirakçılarına müraciət edərək “Hörmətli Heydərovaya sualınız varmı”? deyə müraciət etdi. S.Heydərova isə ona “hörmətli” deyil “çox hörmətli” ifadəsi ilə müraciət edilməli olduğunu dedi: “Səhər saat 9-un yarısından polis gəlib qapını döyür. Özü də kobud formada”.

 

Gülər Əhmədova: “Mən ilk baxışda görürdüm ki, kadrlardakı çox sözlər mənim deyil. Ona görə də istintaq zamanı müstəntiqə dedim ki, icazə verin, bu kadrları Moskvada ekspertizadan keçirtdirim. Bir yaxşı ekspertiza mərkəzi var, Polşa prezidentinin ölüm işini də orda araşdırıblar. Müstəntiq də dedi ki, sizin pullarınız havaya uçacaq. Biz o rəyi sizdən qəbul edə bilmərik. Bu xanımdan da onu xahiş etmişdim. Sonra gördüm belədi, dedim daha lazım deyil.”

 

Hakim: Çox maraqlıdı, Toğrul bunu haradan tapıb.

 

G.Əhmədova: Feysbukda yazıb Toğrula.

 

Azərbaycanlı iş adamları Sevinc Babayevaya kömək edib

 

S.Heydərovadan sonra proses digər şahidlərin ifadəsi ilə davam etdirildi. Məhkəməyə Sevinc Babayeva ilə birlikdə Türkiyəyə getmiş iş adamları Namiq Muradov və Nazim İsmayılov ifadə veriblər. Onlar Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini dedilər. Şahidlər ifadələrində bildirdilər ki, S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: “Özünü Seva adı ilə təqdim etdi, Dedi ki, Türkiyəyə ürək əməliyyatı olunmaq üçün gəlib. Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Həmin adam səhvən Atatürk hava limanına getmişdi. Biz də kömək etdik. Əvvəlcə Bakı ilə əlaqə saxladı, 211 ilə başlayan mobil telefon nömrəsinə zəng vurmuşdu, bir qadınla danışırdı. Türkiyədə onu qarşılamalı olan adamın nömrəsini yığdı. Biz də bir insan kimi, insani borc bildik ona kömək etməyi. Şirkətin maşını gəlmişdi. Həmin maşınla İstanbulda Kadıköyə kimi apardıq. Orda həmin türkü tapdıq və təhvil verdik. Təhvil verəndə bir az narahat idik. Xanımdan bir daha soruşduq ki, nə isə problem yoxdumu? O isə halından məmnun görünürdü”

 

Son olaraq şahidlərdən Rüfət Hüseynovun ifadəsi alındı. Məlum oldu ki, R.Hüseynov G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dostdur və keçən ilin dekabr ayında G.Əhmədova ilə həyat yoldaşı Fikrət Əhmədov Gürcüstana onun maşını ilə yola düşüb: “Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər. Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar. Maşında nə vardısa götürdülər. Fikrət Əhmədova, Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər. Bizi ayrı-ayrı maşınlarla Bakıya gətirdilər”.

 

R. Hüseynov dedi ki, S. Babayevanın Türkiyəyə gediş biletinin də o alıb: “Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim. Amma bileti alarkən onun sənədlərini götürməmişdim. Özünə zəng vurdum, cavab vermədi. Toğrulla əlaqə saxladım. O da Sevinc Babayevanın “dannı”larını mənə dedi. İstanbula getmək vaxtını reysi və digər qeydləri mesajla Sevinc Babayevaya göndərdim”.

 

Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə ilə şifahi ifadə arasında müəyyən ziddiyyətlər ortaya çıxdı və yazılı ifadə elan olundu. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını desə də, məhkəmədə o müstəntiqə dediklərini təsdiq etmədi.

 

Proses noyabrın 7-də davam etdiriləcək.

 

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8455
avatar

Nizam Rza

Oxşar yazılar