Gülər Əhmədovanın məhkəməsindən İLK REPORTAJ
31 oktyabr 2013 23:43 (UTC +04:00)

Gülər Əhmədovanın məhkəməsindən İLK REPORTAJ

Oktyabrın 31-i sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı başlanmış məhkəmə prosesində vacib gün idi. Bu gün keçən iclasdan yarımçıq qalmış prokuror sualları cavablandırılmalı, həm də bəzi vacib şahid ifadələri dinlənməli idi.

 

Lent.az-ın məlumatına görə, iclasa gələnlər arasında sabiq deputatın qohumları, həyat yoldaşı Fikrət Əhmədov və sabiq deputat köməkçisi Əhməd Şahidov da vardı. F.Əhmədov və Ə.Şahidov şahid qismində qeydiyyatda olduğu üçün hakim Əlisoltan Osmanov onları məhkəmə salonundan kənarlaşdırdı. Məhkəmə iclası 15 dəqiqə gecikmə ilə olsa da, başladı.

 

Makiyajlı, gülərüz, qayğılı Gülər Əhmədova

 

Gülər Əhmədova istər makiyajı, istərsə də libası və duruşu ilə çox rahat təsir bağışlayırdı. Üzündəki təbəssüm isə bu rahatlığa əlavə sərbəstlik qatırdı.Özüylə bir neçə kitab, 2 plastik qabda mineral su da gətirmişdi. Məhkəmə başlar-başlamaz su ilə dərman qəbul etdi. İttihamçı - prokurur Eldar Həmzəyevin Gülər Əhmədovaya sualları başladı. Mövzu isə Gülər Əhmədovanın Elşad Abdullayev və Sevinc Babayeva ilə münasibətləri ilə bağlıydı.

 

Prokuror Gülər Əhmədovadan nə üçün Elşad Abdullayevlə ikincinin ofisində görüşdüyünü soruşdu. Gülər Əhmədova isə bunu ofisin onun yaşadığı yerə yaxınlığı və deputat seçildiyi dairənin ərazisində olması ilə izah etdi: “O, özü təklif edirdi ki, ofisdə görüşək. Həm də mənim ailə vəziyyətim uyğun deyildi. Ofis Qurtqaşınlı küçəsində yerləşirdi, ora da mənim dairəmin ərazisinə düşür”.

 

"Sevinclə Elşadın çoxşaxəli münasibətləri vardı"

 

Gülər Əhmədovanın Elşad Abdullayevlə 2005-2006-cı illərdə telefon danışıqlarının olması barədə prokurorun sualını isə sabiq deputat uzun-uzadı cavablandırdı: “Olub. Onda belə bir xasiyyət var ki, həmişə özünü məşğul kimi göstərir, guya başı qarışıqdı. Mən isə deyirdim ki, bu məsələləri parlamentdə qaldıracağam. Camaatın ərizələrini də ortaya qoyacağam. O özü söz verdi ki, kişi kimi həll edəcək bu məsələləri. Hamısı da mənim seçicilərimin məsələləri idi. Sevincin məsələsinə gəlincə, mən bəzi şeyləri çox sonradan başa düşdüm. Onların münasibətləri çoxşaxəli idi, tələbə düzəldirdilər, əməkdaşlıq edirdilər. Mən isə bu işlərə bəsit baxırdım. Onlar əlbir idilər. Sevinc nəysə problem çıxan kimi qaçıb mənim yanıma gəlirdi. Məndən çətir kimi istifadə edirdi. Mən Sevincə deyirdim ki, qəzetim var – "Mərkəz" qəzeti. Qəzetdə Elşad barəsində böyük bir yazı verəcəm, ya da onun məsələlərini, tələbələrə, insanlara etdiklərini parlamentə çıxaracam. Sevinc isə deyirdi ki, ondan, qardaşlarından çox qorxur. Deyirdi ki, onun evinə silahlı adamlar yollayır. Prokuror qardaşı da silahla Sevincin evinə gəlib. Sevinc həmişə deyirdi ki, Elşad Abdullayevə görə hüquq-mühafizə orqanlarına müraciət edəcək”.

 

Prokurorun “Səyyarə Heydərova ilə nə münasibətiniz olub”? sualına Gülər Əhmədova belə cavab verib: "“Facebook"da  mənə məktub gəldi. Orda Səyyarənin nömrəsi də vardı. Oğluma dedim ki, zəng vur, gör kimdi bu adam. O istəyirdi ki, montaj olunmuş materialları bizə satsın. Mən isə dedim ki, baş qoşmayın”.

 

- Sevinc Babayeva barəsində Sabunçu Rayon Polis İdarəsində "dələduzluq" maddəsi ilə başlanmış cinayət işinin yenilənməsindən xəbəriniz vardımı?

- Bu barədə Sevinc öləndən sonra xəbər tutmuşam.

 

 

"Özümü öldürmək istədim"

Gülər Əhmədova: “Sevinc gəlib ağlayırdı ki, Elşad evimi satdırıb. Videolar da çıxandan sonra onu ofisimə çağırtdırdım ki, gəlib izahat versin, bu nə məsələdir? Sevinc dedi: ""Sabunçu işi"ni də Elşadgil, konkret qardaşı təşkil edib. Onlar məni tutdurmaq istəyirlər". Sevinc çıxıb getmək istəyirdi. Mən də şübhələnmişdim. Deyirdi, 3-5 günlük gedəcək, xəstədir. Mən isə fikirləşirdim ki, bu da aradan çıxmaq istəyir. Soruşanda ki, kimlə gedir, deyirdi, Rusiyada Türkiyədə çoxlu dostları, qohumları var. Səlçuk Ağlayandan, Kaya ailəsindən bəhs etdi. Mən də bildim söhbət kimdən gedir. Onlar Azərbaycanı sevən, kişi adamlardılar. Sevincə deyirdim ki, infarkt adamsan, harada tutacağı bilinmir, "açot-uçotu" yoxdu (Bu sözdən sonra hakim Gülər Əhmədovaya prokurorun yanında infarktdan danışmamağı məsləhət görür. Gülər Əhmədova da gülərək, "Allah şəfa versin" dedi). Bu olanlardan sonra mən 24 saatlıq insult keçirdim. Özümü öldürmək istədim, intihara cəhd etdim. Oğlumun ad günü idi. Evdə-qapalı şəraitdə qalmaqdan bezmişdim. İstəyirdik ki çıxaq şəhərdə bir yerdə qeyd edək. geyinib-keçindim, hazırlaşdım. Elə bu vaxt Eldar müəllim (vəkil Eldar Qədimini nəzərdə tutur) zəng vurdu. Dedi ki, bir sənəd var, qol çəkmək lazımdır. Məlum oldu ki, ittiham irəli sürülüb və məni həbs edirlər”.

 

Gülər Əhmədova: "Mən Eldar müəllimə deyirdim ki, Elşadı Fransadan bura gətirə bilərəm. Üzərimdəki" stop"u (ev dustaqlığı) götürsünlər. Dedim ki, Fransada rəsmi səfərlərdə olmuşam, yaxşı əlaqələrim var. Onun böyük-böyük danışmağına baxmayın. Avropada belə şeylər keçmir. Mənim şərəf və ləyaqətimi təhqir etdiyi üçün onu Fransada məhkəməyə verə, həbs etdirə bilərdim”.

 

Prokuror: Siz Sevinc Babayevanın Türkiyədə hansı adlarla yaşadığını bilirdinizmi?

Gülər Əhmədova: “Xeyr, bilmirdim”

Prokuror: “Türkiyədə olanda ona pul göndərmisiniz?"

Gülər Əhmədova: “Biz əlaqə saxlayırdıq. İki dəfə pul göndərmişəm ona. Xəstə idi, müalicə almalı idi. Onun müalicəsi mənim üçün vacib idi. Qorxurdum ki, qaçıb gedib Elşada qoşular. Həm də səhhətinə görə narahat idim”.

Prokuror: “Siz nə vaxt bildiniz ki, Sevinc Babayeva ölüb?"

Gülər Əhmədova: “Oğlu gəlib mədən pul istədi, anası da gəlib ağladı. Zəng etdim qaynıma, yoldaşım da bacımgildən 10 min gətirdi. 20  min dollar düzəldib verdik. Birdən-birə dağın təpəsindən dərənin dibinə düşmüş adamam. İntihara cəhd etdim. Bu dünyanın mənasızlığını anladım. Əlimi hər şeydən üzmüşdüm”.

 

Gülər Əhmədovanın vəkili Əfsər Talıbov da sorğu-suala qoşulur.

“Siz dekabr ayında Gürcüstana nə məqsədlə getmişdiniz?"

Gülər Əhmədova: “Bakıda xəstəxanalar məni qəbul etmirdi. Yaxşı tanıdığımız, münasibətimiz olan bir xəstəxanaya getdik. Dedilər ki, sizi qəbul etsək, jurnalistlər gəlib töküləcək. Ona görə də götürə bilmərik. Mənimlə elə rəftar edirdilər ki, sanki cüzam xəstəsiyəm. Məndə bir küskünlük yaranmışdı. Ona görə də Gürcüstana getmək qərarına gəldik. Gürcüstanda keçmiş deputat var. Həm də yaxşı həkimdi, onunla danışdıq və yola çıxdıq. Həm də oraya getmək, buradakı mühitdən uzaqlaşmaq mənə yaxşı təsir göstərə bilərdi”.

Vəkil: "Bilirdinizmi ki, Gürcüstana gedərkən sizi sərhəddə saxlaya bilərlər?"

Gülər Əhmədova: "Xeyr, bilmirdim. Məncə ağıllı, savadlı adam heç vaxt belə şeyi bilə-bilə yola çıxmaz".

Vəkil: "2012-ci il 27 sentyabr tarixində sizin barənizdə cinayət işi açılıb, 9 oktyabrda ilk dəfə şahid qismində ifadə vermisiniz. 19 dekabrda da ifadə vermisiniz? Həmin ifadəni təsdiq edirsinizmi?"

Gülər Əhmədova: "Təsəvvür edin, axşam qar yağa-yağa Bakıdan Qazaxa yola çıxmışıq. Uzaq yol olduğu üçün yoldaşım sürə bilmirdi. (bu yerdə Gülər Əhmədova üzünü vəkili Əfsər Talıbova tutub deyir: “Siz lap hakimlərdən betər oldunuz”) Gəldik zastavaya çatdıq. Bizi orda xeyli gözlətdilər. Dedilər ki, prokuror, polis rəisi gələcək. Sonra sürücümüzü, yoldaşımı və məni hərəmizi bir yerə saldılar. Bizi ayrı-ayrı maşınlarla Bakıya gətirdilər. Birbaşa prokurorluğa gətirdilər məni. Mənim bircə istəyim vardı ki, məni həyat yoldaşımın yanında həbs etməsinlər. Orda ifadəmi aldılar. Amma həmin ifadəni təsdiq etmirəm".

Vəkil: "Onu da nəzərə alın ki, dekabrın 18-də səhər saatlarında Gülər xanımın üstünə təcili-tibbi yardım gəlib".

Gülər Əhmədova: "Elşad mənim kabusuma çevrilib. Bircə onu gözləyirəm ki, o dünyada onunla rastlaşım. Birinci videodan sonra yox, sonrakı videolarda gördüyüm dastanlardan sonra, mən Sevinci tanıdım. İkinci Sevinci tanıdım. Piri babanın nağıllarını danışıb".

 

İfadə verərkən Gülər Əhmədova üzünü hakimlərə tutub: “Bu gün dərman atıb gəlmişəm, çox danışacam, lazım gələndə özünüz saxlayın məni”.

 

 

Elşad Abdullayevin işçisi onun əleyhinə ifadə verdi

 

Bundan sonra söz şahidlərə verildi. İlk olaraq Azərbaycan Beynəlxalq Universitetində laborantdan dekan müavini vəzifəsinədək yüksəlmiş Tabat Şirvanovanın ifadəsi dinlənildi. Məlum oldu ki, T.Şirvanova həm də Elşad Abdullayev barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılmış cinayət işi ilə bağlı da ifadə verib.

 

T.Şirvanova ilk olaraq bildirdi ki, Elşad Abdullayev ona böyük zərbə vurub, evinin, qızıllarının əlindən çıxmasına bais olub: “Mən Gülər xanımı bircə dəfə görmüşəm. O da Sevinc Babayevanın bacısı qızının toyunda olub. Gülər xanımla başqa bir əlaqəm olmayıb. 1997-ci ildən ABU-da işləmişəm. Sevinc də ora daim gəlib-gedirdi. Sevinclə 2005-ci ilə kimi əlaqəmiz olub. Bir də onu 2010-cu ildə tapdım. Artıq ABU bağlanmışdı. Sevincdən xahiş etdim ki, mənə iş versin”.

 Məlum oldu ki, T.Şirvanovanın ibtidai istintaqa verdiyi ifadə ilə indi danışdıqları arasında kifayət qədər ciddi ziddiyyətlər var. Hakim ibtidai istintaqa verilmiş ifadəni oxudu. Orada Tabat Şirvanova Gülər Əhmədovanın Elşad Abdullayevdən pul alması və qaytarmaması barəsində Sevinc Babayevanın ona dediyini, bu ikilinin 2012-ci ilin yayında restoranda görüşməsi və həmin görüşdə Gülərin Sevinci zəhərləməsi kimi detallar vardı. Lakin şahid yazılı ifadəsini təsdiq etmədi. Onun dediyinə görə, körpə uşağı olduğu üçün ifadəni oxumadan qol çəkib.

 

Bu yerdə Gülər Əhmədova daha bir replika atdı: “Prokuror az qalır Tabatı tutub salsın mənim yanıma, məəttəl qalmışam”.

 

Gülər Əhmədova davam etdi: “Tabatla mənim Elşad Abdullayevlə Sevincin münasibətləri barədə elə bildiklərimiz var ki, burada biz onu deyə bilmərik. Sırf qadın olduğumuz üçün”.

 

Daha sonra Sevinc Babayevanın qonşusu Səadət İmranova ifadə verdi.

 

Məhkəmə günün ikinci yarısında davam etdi. 

 

Şahid qismində ifadə verən Şəbnəm Məmmədova və Gülər Əhmədovanın sabiq köməkçisi Əhməd Şahidov videoların yayıldığı gün Sevinc Babayevanın Gülər Əhmədova ilə Hökumət Evindəki ofisdə görüşdüklərini,  Sevincin oranı məyus, ağlaya-ağlaya tərk etdiyini dedilər.

 

Bundan sonra isə Elşad Abdullayevin sürücüsü Şamil Hüseynov ifadə verdi. Məlum oldu ki, Ş.Hüseynov həm də Elşad Abdullayevin qohumu, sabiq rektorun həyat yoldaşının dayısı oğludur: “Mən Gülər xanımı ilk dəfə ona su verəndə görmüşəm. Həmin vaxt onlar Qurtqaşınlı küçəsi 9 ünvanında yerləşən “Era” hüquq firmasına məxsus ofisdə görüşmüşdülər. 10-15 dəqiqədən sonra Sevinc də gəldi. Sonra yüksək səslə müzakirələr başladı. Bir saat çəkmədi görüş. Arabir 500-500 səsləri eşidirdim. Amma bu nəyin sayı, nə məbləğ idi, dəqiq başa düşə bilmirdim. Mən ofisin dəhlizində idim və ofisdə məndən başqa kimsə yox idi”.

 

Qara çemodanda nə olub?

 

Məlum oldu ki, “Era” firması Ş. Hüseynovun adına sənədləşdirilib. Ş.Hüseynov qeyd etdi ki, ofis hər hansı hüquq xidmətləri göstərməyib və fəaliyyətsiz olub: “Mən Elşad müəllim ora gələndə əvvəlcə otağa daxil olub işıqları, televizoru yandırırdım. Onun telefonlarını və qovluğunu stolun üstünə qoyub çıxırdım”.

 

Daha sonra Ş. Hüseynovun ibtidai istintaqa verdiyi ifadə oxundu. Müstəntiqə ifadə verən Ş.Hüseynov qeyd edib ki, görüşlərdən əvvəl Elşad Abdullayev özü “udinitel” vasitəsi ilə kameraları yandırırmış və ən azı ofisin 2 otağında kameralar olub.

 

Videolarda adı hallanan “Era” hüquq firmasının əməkdaşı Ruslan Əfəndiyev isə hər hansı vacib söhbətə şahid olmadığını qeyd etdi. O bildirdi ki, Şamil işə çıxmadığı vaxt onun atası Sabir Hüseynov sürücülük edirmiş və içində pul olduğu ehtimal edilən qara çemodanı da Elşad Abdullayevdən o alaraq maşına qoyub.

 

Gülər Əhmədovanın iki oğluna qarşı cinayət işi açılıb

 

Şahid kimi qeydə alınan Fikrət Əhmədov (Gülər Əhmədovanın həyat yoldaşı) bildirdi ki, o prokurorluqda iki epizod üzrə ifadə verib: Gülər Əhmədova ilə birgə Gürcüstana getməsi və Türkiyə səfəri ilə bağlı: "Gürcüstana bizi oğlumun dostu aparırdı. Özümüzü çox pis edirdik. Ora getməkdə də məqsədimiz sırf müalicə almaq olub. Gülər xanımın müalicəsi üçün gedirdik. Sərhəddə bizi saxladılar. Hərəmizi bir yerə saldılar. Qazaxın prokuroru, rəis müavini gəldi. Telefonlarımızı, planşetimizi, üstümüzdəki az-çox pul vardı, onu aldılar. İkincisi isə mən istefa verəndən 2 gün sonra işdən zəng vurub çağırdılar ki, gəl ərizəni yaz. Dərhal iki oğlumun ikisinə də cinayət işi açdılar. Necə olurdu ki, onlar fərarilik etmişdilər, amma biri Maliyyə, digəri Rabitə Nazirliyində işləyirdi. Dedilər ki, yox axtarışdadılar. Oğlum oktyabrın 12-də Almaniyada dərsə başlamalı idi. Ayın 17-də zəng vurdular ki, əsgərliyə getməlidir. Türkiyəyə getməkdə isə məqsədim o idi ki, orada iş qurum, ev tutum. Ora gedəndə Sevincin nömrəsi vardı məndə. Zəngləşdik, görüşdük, çörək yedik, Sevincin ayaqları şişmişdi, qanı az idi. Dedi, qırmızı çaxır içmək istəyirəm. hərəmizə bir stəkan qırmızı çaxır içdik. Sonra getdik dükana onun istədiyi iki şüşə çaxır aldım. Aptekə getdik, 100-150 dollarlıq dərman aldım onun üçün. Ondan təkidlə xahiş etdim ki, Azərbaycana dönsün. O isə israrla qayıtmayacağını deyirdi. Məndən kağız-qələm istədi. Dedi ki, Bakıya prokurorluğa məktub yazacaq. Dedi ki, Azərbaycana gələn kimi tutulacağını bilir. O dedi ki, Elşadın qardaşı prokurorluqda at oynadır. Amma mən orda Sevincə pul verməmişəm. Əgər istəsəydi, verərdim. Bunu səmimi deyirəm".

 

F.Əhmədov sözünü bitirdikdən sonra hakim Gülər Əhmədovadan öz həyat yoldaşına sualının olub-olmamasını soruşdu. Gülər Əhmədova isə “özünə iyi bak” dedi. F.Əhmədov isə öz növbəsində “thank you very much” deyə cavab verdi.

 

"Gülər Əhmədovanın əri Sevinclə eyni oteldə qalıb"

 

İclas məhkəmə və cinayət işinin daha bir vacib şahidi olan Ülvi Mövlayevin çıxışı ilə davam etdirildi. Məlum oldu ki, Ü.Mövlayev Gülər Əhmədovanın yaxın tanışı olan türkiyəli iş adamı Mete Kayanın yaxın qohumu – qaynıdır. Sevinc Babayevanın Türkiyədə məskunlaşmasını da Mete Kaya tanışı və işçisi olmuş Səlçuk Ağlayandan xahiş edib. Ü.Mövlayev qeyd etdi ki, Sevinc Babayeva Türkiyədə olarkən Gülər Əhmədova ona bir neçə dəfə pul yollayıb. Həmçinin Gülər Əhmədova ilə Sevinc Babayevanın telefon danışıqlarını təşkil edib:

“Səlcuq Ağlayan Metenin işçisidir. Onlar bir dəfə Azərbaycana gəlmişdilər. Burada bir şirkətin nümayəndəliyini açmaq istəyirdilər. Ona görə də Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və qardaşı İlqar Mikayıloğlu ilə görüşdülər. İlqar Mikayıloğlu qurulacaq biznesin reklam işini öz üzərinə götürdü. Mən Gülər Əhmədovanın Mete Kayadan bir nəfər xəstənin Türkiyəyə gedəcəyini və onu qarşılamaq lazım olduğunu xahiş etdiyini bilirdim. Mete Kaya da bu işi Səlcuq Ağlayana tapşırmışdı. Bir müddət sonra mən Türkiyəyə gedəndə Toğrul Əhmədov mənim vasitəmlə Səlcuq Ağlayana 5 min dollar pul göndərdi. Bir dəfə də Azərbaycandan 2 min avronu Səlcuqa göndərdi”.

 

Daha sonra prosesdə Ü. Mövlayevin istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində bildirib ki, S. Babayeva ilə G. Əhmədova “skayp” vasitəsilə danışıblar: “Mənə gələn mesajlardan bunu bilirdim. Həmçinin telefonla konfrans yaradaraq da danışırdılar. Sevinc telefonda Güləri təhqir edirdi. Sevinc öləndən sonra isə Səlcuq taksofondan onun oğlu Ayxana zəng edib, anasının rəhmətə getdiyini dedi. Bildirdi ki, meyiti Azərbaycana gətirmək üçün 20 min dollar lazımdı. Ayxan dedi ki, pulu yoxdur. O zaman Səlcuq Gülərgili nəzərdə tutaraq dedi ki, get onlardan istə, verəcəklər. Sevinci Türkiyəyə Gülər Əhmədova göndərmişdi, yaşaması üçün də pulu o göndərirdi”.        

 

G. Əhmədova isə Ü. Mövlayevin istintaqa verdiyi ifadələrin yalan olduğunu deyib: “Yazdığını versəm, oxuyub yenidən danışa bilməyəcəksən. Sən kimsən ki, mən sənin vasitənlə konfrans yaradam? Sevinc kim idi ki, məni təhqir eləsin? Sənə bir xox gəliblər, nə deyiblər yazmısan. Adamın kişiliyi olar. Gəlib bizə şər atırsan. Kişi bir dəfə ölür, namərd min dəfə,”.

 

Proses noyabrın 4-də davam etdiriləcək.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7799
avatar

Nizam Rza

Oxşar yazılar