Sabiq millət vəkili Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilir. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam etdirilib. Məhkəmə istintaqının bugünkü hissəsində bir neçə vacib şahidin çıxışları oldu.
Gülər Əhmədova məhkəməyə əvvəlki iclaslarda olduğu kimi eyni geyimdə gəlmişdi. Qohumları və həyat yoldaşı Fikrət Əhmədov onu bu dəfə də tək qoymamışdılar. Gülər Əhmədovanın oğlu Toğrulun dostu Rüfət Hüseynov da bu dəfə qohumlar arasında idi. O, keçən iclasda şahidlər arasında idi və keçən ilin dekabr ayında G. Əhmədovanı Gürcüstana aparan avtomobilin sürücüsü kimi ifadə vermişdi.
“Mafioz”, “tapançalı Səlçuk”
Şahidlərdən ilk ifadəni Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva verdi. O bildirdi ki, 2012-ci ilin yayında Sevinc Babayevanı restoranda zəhərləyiblər: “İyulun əvvəli idi, bacım qızı Sevincin zəhərləndiyini eşitdim. Getdim bacımgilə, Sevinc gömgöy qaytarırdı. Heç bir xəstəxana onu qəbul etmirdi. Axırda “Semaşko”da reanimasiyaya yerləşdirdik. Səhəri günü xəstəxanadan zəng vurdu ki, məni burdan təcili çıxarın. Həyəcanla danışırdı, deyirdi ki, tez məni çıxarın, məni burda öldürəcəklər. Ordan çıxarıb evə gətirdik. Halı düzəlmirdi, “Neftçilər” xəstəxanasına apardıq. Amma orada da götürmədilər. Sonra Gömrük Xəstəxanasına, tanışlıqla olsa da, yerləşdirə bildik. Bir həftə orda müalicə olundu. Sevinc deyirdi ki, onu zəhərləyiblər. Deyirdi ki, Gülər xanım onu “Sultan” restoranına nahara çağırıb, orda Sevinc toyuq yeyib. Elə toyuqdan da zəhərlənib. Həmin gün evə gələndə binanın pilləkənində də yıxılıb. Sonradan bacımgilə gedəndə mənə dedilər ki, Sevinc Türkiyəyə qaçıb. O, birinci dəfə zəng vuranda demişdi ki, Bolqarıstandadı. Çünki onu Türkiyəyə yerləşdirmiş kişidən çox qorxurdu, həmin kişi onun telefon danışıqlarına nəzarət edirdi, istəyirdi ki, bizi çaşdırsın. Sevinc deyirdi ki, həmin kürd çox qorxulu, pis adamdır. O, Sevinci ac saxlayırdı. Arada aparıb öz kafesində makaron supu yedizdirirdi. Ancaq pul tələb edirdi. Deyirdi ki, həmin kişi belində tapança gəzdirir. Çox təhlükəli, “mafioz” adamdı. Onun üçün adam öldürmək adi şeydi. Daha sonra bacısı Təranə və oğlu Ayxan getdilər İstanbula. Sevinc telefonla danışanda deyirdi ki, Bakıya qayıtmağı çox istəyir, amma qorxur. Deyirdi ki, o puldan mənə bir qəpik də çatmayıb. O bizə deyirdi ki, Gülər onu qayıtmağa qoymur. Bizə deyirdi, Gülər ona deyib ki, özü onu Bakıya çağıracaq və hər şey yaxşı olacaq”.
Z. Cəbiyeva bildirdi ki, Gülər Əhmədova Sevinc Babayevanı vəzifə vədi ilə aldadıb: “Gülər xanım Sevinclə danışanda ona deyirdi ki, hər şey yaxşı olacaq. Danışmışam, sənə vəzifə də verəcəklər. Onlar çox vaxt parollarla danışırdılar. Amma hamı bilsin ki, onun dalında nəsil dayanıb. (üzünü G. Əhmədovaya tutaraq) Allah bunun bəlasını versin. Siz necə yaşayırsınız bunlardan sonra?”
G. Əhmədova isə S. Babayevanın xalasına replika ilə cavab verib: “Siz Sevincdən yalnız pulqabı kimi istifadə etmisiniz”.
İttihamçı-prokuror Eldar Həmzəyev Z.Cəbiyevaya bir neçə sual verdi. Məlum oldu ki, Z. Cəbiyeva ilə bacısı qızı Sevinc Babayeva arasında 20 ilə yaxın müddətdə inciklik olub. Son hadisələrədək bu inciklik davam edirmiş.
Bundan sonra Gülər Əhmədovanın vəkili Əfsər Talıbov şahidə bir neçə sual verdi:
Vəkil: Sevinc Babayeva “Semaşko” xəstəxanasından niyə çıxdı?
Z.Cəbiyeva: Sevinc deyirdi ki, onu orda öldürəcəklər. Ona görə də onu tez çıxarmağımızı istəyirdi.
Vəkil: Kimin onu öldürmək istədiyini deyirdi?
Z.Cəbiyeva: Bilmirəm.
Vəkil: Sevinc Babayevanın psixi durumu necə idi?
Z.Cəbiyeva: Normal. Sevinc deyirdi ki, onu xadimə zəhərləyib. Xəstəxanadan çıxanda soruşduq ki, xadimənin nəyinə lazımdı səni zəhərləsin? Cavab verdi ki, Gülər məni çağırıb ki, barışıq olsun. Elə orda da zəhərləyiblər.
S. Babayevanın xalası ifadəsinə sərbəst şəkildə davam etdi: “Sevinc axır-axırda deyirdi ki, daha dözə bilmir, çıxacaq o kürdün yanından. Dekabrın 25-dən sonra qalmayacaq orda. Biz onunla axırıncı dəfə dekabrın 19-20-də danışa bildik”.
Gülər Əhmədova da şahidə bir neçə sual ünvanladı:
G. Əhmədova: Sizin ixtisasınız nədi?
Z.Cəbiyeva: Terapevtəm.
G. Əhmədova: Deyirsiniz, Sevincin arxasında nəsil dayanıb. Bəs onda niyə Sevinci Türkiyədən gətirmədiniz? Mən sizin nəslin böyüyüyəm?
Z. Cəbiyeva: O, özü qoymurdu. Siz onu qorxudurdunuz. Həm də deyirdiniz ki, ona vəzifə verəcəklər.
Bundan sonra G. Əhmədova ilə Z. Cəbiyeva yüksək səslə mübahisə etməyə başladılar.
Hakim onları sakitləşdirdi. Zərifə Cəbiyeva Gülər Əhmədovanın suallarına cavab vermək istəmədiyini bildirdi. Hakim isə bunun mümkün olmadığını dedi. Bu zaman G.Əhmədova Z.Cəbiyevanı gülümsəyərək seyr edirdi.
G. Əhmədova: Siz Sevincdən yalnız pulqabı kimi istifadə etmisiniz. Onun yaşadığı kişilərin başına oyun açmısınız. Mən ən çətin günlərində onun yanında olmuşam. Sevincin yanında adam ölüb xəstəxanada. Ona görə də qorxub. Siz heç onun maşınlarını, evlərini, “Hummer”ini görmüşdünüz?
Z.Cəbiyeva: Özü qazanırdı, sizin əlinizlə adamları işə düzəldirdi.
G.Əhmədova: Elə şey olmayıb.
G.Əhmədova: Sevinc bura gəlməyə görə kimdən qorxurdu?
Z.C: Konkret ad çəkmirdi. Amma deyirdi ki, Gülər nə vaxt desə, onda gələcək. Həm də deyirdi ki, onu “Cavan” qoymur gəlməyə. Heş bilmirəm kimdi bu “Cavan”.
Hakim Əlisultan Osmanov söhbətə qarışır və zarafatla “Bəlkə Cavan Zeynallını nəzərdə tuturmuş” deyə, zarafat etdi.
Daha sonra tərəflər S. Babayevanın oğlu və Z.Cəbiyevanın ixtisası ilə bağlı mübahisələr etdilər. Hakim son olaraq Z. Cəbiyevadan Sevinc Babayevadan Elşad Abdullayevdən pul alıb Gülər Əhmədovaya verməsi ilə bağlı nəysə eşidib-eşitmədiyini soruşdu. Z.Cəbiyeva da Sevinc Babayevanın ona bununla bağlı danışdığını dedi: “Dedi ki, pulu alıb hamısını verib Gülər xanıma. Soruşdum ki, o puldan nəysə götürməyib ki? And içdi ki, bir qəpik də götürməyib”.
“Acından arıqlayıb, tanınmaz hala düşmüşdü”
Daha sonra S. Babayevanın bacısı Təranə Səfərova şahid qismində ifadə verib. O, eynəyi olmadığına və özünün dediyi kimi “çox həyəcanlı olduğuna görə” şahid andını oxumaqda çətinlik çəkirdi. Bu zaman Gülər Əhmədova dəmir barmaqlıqlar arxasından öz eynəyini uzatdı. T. Səfərova bir neçə dəqiqə sonra çoxsaylı ittiham atəşinə tutacağı şəxsin eynəyi ilə şahid andını ucadan oxudu və ifadəsinə keçdi. Onun da dedikləri xalasının söylədikləri ilə çox oxşar idi. Lakin S.Babayeva Türkiyədə olarkən onu görən azsaylı adamlardan olan T. Səfərovanın ifadəsində maraqlı məqamlar vardı: “Sevinc gedəndə dedi ki, 1-2 həftəyə qayıdacaq. Telefonla danışarkən deyirdi ki, hər şeyi danışma, artıq suallar da vermə, bizə qulaq asırlar. O, parollarla danışırdı. Türkiyəyə gedəndə bizi Səlçuk Ağlayan qarşıladı. Maşını isə oğlu sürürdü. Sevinc istəmirdi ki, Ayxan da getsin. Deyirdi ki, kimsə arxasıyca düşər, gəlib orda onu tapar. Sevinci orda saxlayan adam çox təhlükəli idi. O, “mafioz” idi. Belində tapança vardı, tapançanı da məqsədli şəkildə bizə göstərirdi ki, qorxaq. Sevincin qaldığı yerə gedəndə onu tanıya bilmədik. Çox arıqlamışdı, ac qalırdı. Evdə qənd-filan da yox idi. Səlcuq Ağlayan bizi idman kompleksinə Gülərlə “skayp”la danışmağa apardı. Gülər Əhmədova “skayp”da dedi ki, artıq hər şeyi həll edib, 5 gün o yan - bu yanı var, darıxma, hər şey yaxşı olacaq. İkinci dəfə danışanda Sevinc başa düşdü ki, artıq oyunun içindədir. Bundan sonra Gülərə inanmırdı. Mən Bakıya qayıdandan sonra Sevinc Gülərin və bacısı Gülnarın nömrəsini vermişdi əlaqə saxlamaq üçün. Əvvəlcə Gülnarla danışdım. O dedi ki, Gülər mənə zəng edəcək. Gülər zəng elədi, danışdıq. Daha sonra Gülərlə mesajlaşdıq. Sonra Sevinc mənə dedi ki, Gülərlə görüşmə, elə et ki, o səni tanımasın. Sevinc bilirdi ki, oyunun içindədir”.
Sevinc Babayevaya hansı vəzifə vəd edilmişdi?
T. Səfərova onu da bildirdi ki, S.Babayeva Bakıda zəhərləndikdən sonra həkimlər ona 6 ay ömür qoyublar. “Həkim mənə dedi ki, bacını çox pis zəhərləyiblər, 6 ay ömrü qalıb. Zəhər bədənində dolaşıb, başına keçəndə öləcək. Elə altı ayı tamamlananda – dekabr ayında da öldü”.
T. Səfərova Səlçuk Ağlayan, Gülər Əhmədovanın S. Babayevaya vəzifə söz verməsi, Sevincin ölümünə görə verilmiş pul və digər məqamlar üzrə də danışdı. O, ifadəsində Gülər Əhmədovanın telejurnalist ardaşı İlqar Mikayıloğlu və başqalarının adını çəkdi. Gülər Əhmədova isə T. Səfərovanı nəinki onun, başqalarının da ünvanına yalan danışmaqda günahlandırdı. Arabir mübahisələr münaqişə həddinə də çatırdı və hakim müdaxilə etməli olurdu.
Gülər Əhmədova S. Babayevanın Elşad Abdullayevlə birgə, eyni təyyarə ilə Moskvaya getməsi, işi aparan müstəntiqin onların evinə gəlməsi barədə qarşı tərəfə suallar verdi və bildirdi ki, bu işdə tək o deyil, həm də Sevinc Babayeva tərəfi zərərçəkmişdir:
Gülər Əhmədova: “Mənə Sеvincin dirisi lazım idi”
“Mən bir insan kimi əlimdən nə gəlibsə etmişəm. Sevincin mənə ölüsü yox, dirisi lazım idi. Bizim münasibətlərimiz ikinci video yayılandan sonra pozuldu. Mən görəndə ki, o, gedib Elşadla nə nağıllar danışıb, onda Sevincə münasibətim dəyişdi. Deyirdi ki, Elşadınm qorxusundan belə edib. O mənə Azərbaycana qeyri-leqal yolla qayıtmaq istədiyini demişdi. Mən də razı olmadım. Dedim ki, bilet alım, qayıdıb gəlsin. O videoların çəkilməsinə hansı şəraitdə imkan veribsə, gəlib danışsın. Onunla çox sərt danışdım və tələb etdim ki, qayıtsın. Lakin o qayıtmadı. Bu işdə mənimlə bərabər, Sevinc Babayeva da təqsirləndirilən şəxs idi. Sevinc Elşadın bütün zibillərini bilirdi. Xəstəliyi ilə bağlı da mənə deyirdi ki, ağ ciyərində problem var, həm də onu infarkt vurub”.
Lakin Təranə Səfərova bildirib ki, Sevinc Babayeva sağlam olub, heç bir xəstəliyi olmayıb: “Sevinc deyirdi ki, Gülər Səlcuğa deyib ki, Sevinci orda saxla, onun dili çox uzundur. Səlcuk evində tapança ilə gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”
Gülər Əhmədova “Mərkəz”in işçilərinə niyə acıqlanırdı?
Daha sonra şahid qismində ifadə verən Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetində 5 il müxtəlif vəzifələrdə çalışmış Aqilə Əlihüseynli və onun bacısı, sabiq deputatın təsis etdiyi QHT-də mühasib işləmiş Günay Vəliyeva bildiriblər ki, ibtidai istintaq zamanı müstəntiq onlara təzyiq göstərib, buna görə də verdikləri ifadəyə oxumadan qol çəkiblər. Bunun ardınca prokurorun tələbi ilə hər iki şəxsin yazılı ifadəsi oxunub. İfadədən məlum olub ki, Sevinc Babayeva Gülər Əhmədovanın işlədiyi ofislərə tez-tez gəlirmiş və onlar arasında pul üstündə mübahisələr olurmuş: “Gülər xanım ofisə gəlməzdən əvvəl bizə zəng vurub, Sevincin gəlib-gəlmədiyini soruşurdu. Bir dəfə Gülər xanım gələn kimi Sevinc də gəldi. Gülər xanım elə bilirdi ki, “Mərkəz”in işçilərindən kimsə Sevincə xəbər verir. Ona görə də qəzetin işçilərinə acıqlanırdı. Sonra bildi ki, Sevincə qapıdakı polislər deyib. Gülər xanım Sevincdən qaçırdı. Onların arasında pul söhbətinin olduğunu bilirdik. Bir dəfə Sevinc özü demişdi ki, pul məsələsinə görə video da var, əgər həmin video yayılsa, çox pis olacaq”.
G. Əhmədovanın işçisi olmuş bacılar bildirdilər ki, təzyiqlə üzləşmələri barədə atalarına danışıblar və vəkilin məsləhəti ilə məhkəməyə teleqram vurublar. Məlum oldu ki, gənc qızların atası da məhkəmədən şahid kimi tanınmasını xahiş edib. Həmçinin onlar ibtidai istintaqa verdikləri ifadəni qismən tanıdıqlarını qeyd ediblər.
Hər iki xanımın ifadələri oxunarkən ziddiyyətli məqamın məhz Gülər Əhmədova ilə Sevinc Babayeva arasındakı münasibətlər haqqında olduğu üzə çıxdı. Yazılı ifadədə həm A.Əlihüseynli, həm də G.Vəliyeva dəfələrlə G.Əhmədovanın pul məsələsinə görə mübahisə etdiyini, 2007-ci ildən sonra G.Əhmədovanın Sevinclə görüşməkdən yayındığını vurğulayıblar.
Gülər Əhmədovadan müstəntiqə ağır sözlər
G. Əhmədova bildirdi ki, A. Əlihüseynlini o ərə verib. Hər iki xanım onun evində olublar, onun əlində böyüyüblər: “Gərək Emzar (işi aparan müstəntiqi nəzərdə tutur-N.R.) belə etməzdi. Bu kişi hərəkəti deyil. O sözləri mən demişəm ona. O da fırladıb bu qızların adından yazıb hamısını. Çox nahaq yerə bu gəlinlərin adından yazıb onları. Bu Azərbaycan oğluna yaraşan hərəkət deyil. Bu qızlara xox gəlib ki, “bunu niyə tutmamısınız”-falan. Hələ bilmək olmaz, kim tutulur, ya yox. Bəlkə elə Emzarın özünü...”
Elşad Abdullayevin böyük qardaşı məhkəməyə gəlmişdi
Sonda Elşad Abdullayevin bacısı oğlu Azad Nusralıyev ifadə verdi. O bildirdi ki, məlum videokadrlar internetdə yayıldıqdan sonra prokurorluq işçiləri həmin görüntülərin çəkildiyi Yasamal rayonundakı ofisdə onun iştirakı ilə axtarış aparıb, lakin o protokola imza atmayıb.
G. Əhmədova Elşad Abdullayevin yaxın qohumu olan A. Nusralıyevdən xahiş etdi ki, bəzi sözlərini Elşad Abdullayevə çatdırsın. Ən əsası da yayılan videoların əslini ona göndərsin: “Yaxın qohumsunuz, danışırsız, yəqin ki. Xahiş edirəm, ona deyin ki, videoların əslini göndərsin”. A.Nusralıyev isə sabiq deputata “gözlərim üstə” deyə cavab verib: “Burda jurnalistlərin də qarşısında bəyan edirəm ki, nə mən, nə qohumlarım, nə də Elşad Abdullayev sizin burda dəmir barmaqlıqlar arxasında dayanmağınızın tərəfdarı deyilik. Allah qapınızı açsın”.
Onu da qeyd edək ki, A. Nusralıyev məhkəməyə ifadə verməyə dayısı, Elşad Abdullayevin böyük qardaşı olan İsmayıl Abdullayevlə birgə gəlmişdi.
Növbəti iclas noyabrın 12-nə təyin edildi.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.