Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS ÇM-in və MTRŞ-ya qarşı verilmiş iki iddia üzrə apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakimlər Həsən Əhmədov və İlqar Murquzovun sədrliyi ilə keçirilən proseslərdə ANS ÇM-in müdafiəçiləri vəsatətlə çıxış edib. Onlar müdafiələrini daha yaxşı qurmaq üçün məhkəmədən vaxt istəyib. Vəsatət təmib edilib. Növbəti iclaslar aprelin 12-si və 5-nə təyin olunub.
Qeyd edək ki, ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS ÇM radiosunun MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS ÇM radiosu yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS ÇM radiosu apellyasiya şikayəti verib.