Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı Səbail rayon məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.
Len.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov iştirak etməyib. Prosesdə araşdırılan şikayət təmin edilməyib.
Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə bu il fevralın 14-də A.Çovdarov barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.