Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyev Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq millət vəkili Gülər Əhmədovanın səhhətinin ağırlaşması barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib.
Bu barədə APA-nın sorğusunu cavablandıran M. Quliyev qeyd edib ki, G. Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, müalicə müəssisəsinə köçürülməyib: “Bu barədə mətbuatda yayılan məlumatlar doğru deyil”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.