Leyla Əliyeva “Mən “SABAH”ın məzunuyam” adlı tədbirdə iştirak edib
İyulun 5-də “Mən “SABAH”ın məzunuyam” adlı tədbir keçirilib.
APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar “Mən “SABAH”ın məzunuyam” adlı sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. “SABAH” layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə “SABAH” qrupları fəaliyyət göstərir. “SABAH” layihəsinin əsas şüarı - savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. “SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.
Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SABAH” qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri “SABAH” məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.
Mərasimdə rəmzi “SABAH” açarı III kurs tələbələrinə verilib.
Sonda “SABAH” qruplarının himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
“SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.
2018-2019-cu tədris ilində 701 “SABAH” məzunu təhsilini başa vurur.
1051