Lənkəranda oyun qalmaqalı: 7 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO
26 avqust 2013 01:15 (UTC +04:00)

Lənkəranda oyun qalmaqalı: 7 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən insidentə görə, 7 nəfər saxlanılıb.

Bunu APA-ya Lənkəran Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov bildirib.

Polis rəisi qeyd edib ki, hazırda Lənkəran şəhərində və stadionda vəziyyət tam stabildir.

Qeyd edək ki,  baş vermiş insidentlə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin  221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

***

00:32

Lənkəran rayonunda və “Xəzər-Lənkəran”-“Neftçi” oyununun keçirildiyi stadionda sakitlikdir.

 

APA-nın hazırda Lənkəran Şəhər Stadionunda olan əməkdaşının verdiyi xəbərə görə, artıq azarkeşlər stadionu tərk edib.

 

”Neftçi”nin azarkeşlərinin, oyunçuların və jurnalistlərin də təhlükəsizliyi təmin olunub.

 

Qeyd edək ki, bu gün “Topaz” Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.

 

APA-nın əməkdaşının bildirdiyinə görə, insident nəticəsində Daxili Qoşunların 7-yə qədər əsgərinin və yerli polis nəfərlərindən bir neçəsinin yüngül xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılanlar var. 

***

 Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından (0:0) sonra yaranan gərginlik davam edir. Apasport.az saytının xəbərinə görə, qonaq komanda, həmçinin “Böyük oyun” izləmək üçün Lənkərana səfər edən jurnalistlər blokadada qalıblar. 


Hələlik polis media nümayəndələrinin təhlükəsizliyini nəzərə alaraq, stadionu tərk etmələrinə icazə vermir. 

Digər tərəfdən, bir qrup cənublu fanat şəhərdə müxtəlif yolları bağlayıblar. Güc strukturları hazırda asayişin təmin olunması üçün səy göstərirlər.

Ən son məlumata görə, qalmaqalda 12 əsgər yaralanıb.
 

 

***

23:34

Topaz Premyer Liqasının IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” görüşü qalmaqalla yekunlaşıb. Apasport.az saytının Lənkərana ezam olunan əməkdaşının xəbərinə görə, 0:0 hesabı ilə başa çatan oyundan sonra azarkeşlər arasında insident yaranıb.

 

Fanatlar arasındakı qalmaqalı sakitləşdirmək istəyən hərbçilərdən birinin başı yarılıb. Əməkdaşımızın verdiyi məlumata görə, Daxili Qoşunların əsgərini dəmir parçası ilə vurublar. Zərbədən sonra huşunu itirən əsgəri stadiondakı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.

 

Asayişi qoruyan polislərdən biri isə başından aldığı zərbədən sonra sifətini qan basıb.

 

Qalmaqalda iştirak edən azarkeşlərdən nir neçəsi saxlanılaraq, polis şöbəsinə aparılıb.

***

23:05

"Xəzər Lənkəran"lı azarkeşlər stadionun əsas giriş qapısından stadiona daxil olmağa cəhd edib.

 

ANS PRESS-in məlumatına görə, polis azarkeşlərin stadiona girişinin qarşını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu isə stadiondakı vəziyyəti daha da gərginləşib.

 

Məlumata görə, baş vermiş insident nəticəsində Daxili Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.

 

Qarşıdurmaya səbəb birinci hissəsi başa çatan kimi "Xəzər Lənkəran"ın bir qrup azarkeşinin "Neftçi"nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq, onlara qarşı şüarlar səsləndirməsi olub. Nəticədə hər iki tərəf bir-birinə qarşı şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları sındıraraq bir -birlərinə atıblar.

 

Qeyd edək ki, bu gün baş tutan "Xəzər Lənkəran" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatıb

 

***

Topaz Premyer Liqasının IV turunda “Xəzər Lənkəran” – “Neftçi” matçı az öncə başa çatsa da, bəzi azarkeşlər meydanı tərk etmək fikrində deyil. Apasport.az saytının xəbərinə görə, qolsuz bərabərliklə yekunlaşan oyunun nəticəsindən narazı qalan cənublu fanatlar oturacaqları sındıraraq, meydana atır. Hazırda asayiş keşikçiləri yerli azarkeşləri stadiondan çıxarmaqla məşğuldu.

 

Hazırda maraqlı vəziyyət yaranıb. Belə ki, "Neftçi" heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qonaqlar meydan sahiblərinin paltardəyişmə otağına yerləşdiriliblər.

****

Topaz Premyer Liqasının IV turunda “Xəzər Lənkəran” – “Neftçi” matçı qalmaqallı keçib. Lənkəranda baş tutan oyunun  birinci hissəsi bitəndən sonrakı fasilədə gərgin anlar yasanıb. Apasport.az saytının xəbərinə görə, cənublu fanatlar bakılı azarkeşlərin əyləşdiyi sektora hücum edərək, müxtəlif əşyalar atıblar. 

Yaranan gərginlik səbəbi ilə qarşılaşmanın ikinci hissəsi 5 dəqiqə gec başlayıb. Polis və daxili qoşunların əsgərlərinin müdaxiləsindən sonra ara sakitləşdirilib. 

 Oyundan sonra da bəzi azarkeşlər meydanı tərk etməyiblər. 

Qolsuz bərabərliklə yekunlaşan oyunun nəticəsindən narazı qalan cənublu fanatlar oturacaqları sındıraraq, meydana atıblar.

Asayiş keşikçiləri yerli azarkeşləri stadiondan çıxarıblar. 

“Neftçi” futbol klubunun məşqçisi Tərlan Əhmədov  da baş verənlərə munasibət bildirib. O bildirib ki, oyunun ağır keçəcəyini əvvəlcədən proqnozlaşdırıblar: “Matç ərəfəsindəki ajiotaj və oyunun gedişində yaşananlar həyəcanverici idi. Hər iki komanda bu gərginliyin təsirindəydi. Əxlaqsız söyüşlər hamıya pis təsir edir. Futbolçunu təhqir etmək olar, amma bu dərəcədə də yox. Mahirin valideyni təhqir edildi. Ona bu sözləri deyənlərin ata-anaları bəlli deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4577
avatar

Oxşar yazılar