Keçmiş polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı İlhamə Əhmədova bildirib ki, heç kimin Leyla Əkbərovaya pul verdiyini görməyib: "İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Anarə xanımla qonşu olmuşuq. Leyla xanım məni çağırıb dedi ki, hardasa işim var, bir yerdə getdik, amma mən içəri girmədim. Hansısa rayonun "Sobez"i idi. Anarə ilə Leyla özü küncdə danışırdılar, mənim məsələdən xəbərim olmurdu. Sonra da Anarə və Leyla ilə birlikdə kafeyə gedib yemək yedik, yadımda deyil ki, nə danışdıq".
Zərərçəkən Anarə Məmmədova deyib ki, İ.Əhmədova özünü "Sobez" işçisi kimi təqdim edib. O da bunu təsdiqləyib və orada əlillərə qulluq etdiyini deyib.
Məhkəmə oktyabrın 26-də davam edəcək.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.