Keçmiş nazirin qohumunun qətlini araşdıran məhkəmədə şahidlər danışır
08 iyul 2016 13:43 (UTC +04:00)

Keçmiş nazirin qohumunun qətlini araşdıran məhkəmədə şahidlər danışır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində ekspert Naib Abbasov ifadə verib. O bildirib ki, Füzuli İsgəndərovun bioloji ölümü ilə bağlı rəy verib. Digər bir şahid Xəqani Şahverdiyev ifadəsində bildirib ki, Su Tikinti Xəstəxanasında cərrahdır: " Hadisə zamanı xəstəxanada idim. Həkimlər otağında oturmuşdum. Orda bildiriblər ki, ölüm hadisəsi baş verib. Bu zaman Xalidə İsgəndərovanın barmağı kəsilmişdi. Sarğı otağına girdim, orda Xalidə İsgəndərovanın ağladığını gördüm. Mənə orda məlum oldu ki, ölən şəxsin həyat yoldaşıydı. Onun baş barmağı ilə ikinci barmağının arası kəsilmişdi. Tikdim. Bu zaman orda söhbət elədi ki, evə oğru girib. Ərindən maşının açarını və pul tələb edib. Əri də vermədiyinə görə onu öldürüb. Sonra da evin hasarına çıxaraq qaçıb".

 

 

Prosesdə şahid qismində polis əməkdaşı, sahə rəisi olan Ədalət İsmayılov ifadə verib. O, ifadəsində deyib ki, səhər düzülüşündə bilib ki, Su Tikinti Xəstəxanasında bıçaqlanma hadisə baş verib: "Xəstəxanaya getdik. Ora çatanda gördüm ki, qız uşağı ağlayır. Soruşdum ki, kimin qızısan. O, dedi ki, ermənistanlı Füzulinin qızıyam. Evimizə oğru girib, atamı vurub qaçdı. Hadisə yerinə gedə-gedə qızı sorğu suala tutdum. İstintaq qrupu yaradıldı. Füzuli İsgəndərovun bütün işçilərini, qonşuları dindirdik. Kamera görüntülərinə baxış keçirdik. Görüntülərdə bir cavan oğlan vardı. Onun şəxsiyyəti müəyyənləşmədi".

 

 

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət olub. İfadəsi elan edilib. İstintaqdakı ifadəsində bildirib ki, qızı və anasının ifadələrində ziddiyyət olduğundan onlardan şübhələnib: O ziddiyyətlərlə bağlı bildirib ki, həmin zaman diqqətsiz olub.

 

Hakim bildirib ki, şahid qismində yalnız müstəntiq Orxan Əhmədov qalıb. Müdafiə tərəfi müstəntiqin məhkəmədə şahid qismində dindirilməsini qanunsuz hesab edib. Prokuror isə bu məsələ ilə bağlı münasibət bildirməyib. Məhkəmə prosesi avqustun 4-də davam edəcək.

 

 

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. 2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Səlcuq Elçin

Oxşar yazılar