Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.tv-nin əməkdaşı, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayil rayon sakini, 1994-ci il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cu il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəlüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəlüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Fariz Namazlı vəsatətlərlə çıxış edib. O, işin yenidən istintaqa qaytarılmasını istəyib. Vəkil vəsatətini bununla əsaslandırıb ki, R.Əliyevin ölümündə onu müayinə və müalicə edən həkimlərin də təqsiri var. Həmin vəsatətdə eləcə də futbolçu Cavid Hüseynov barədə açılmış cinayət işinin bu işdən ayrılaraq, ayrıca icraata götürülməsi ilə bağlı olub. Vəkil C.Hüseynovun işinin də bu cinayət işinə birləşdirilməsini istəyib.
Vəkil Fariz Namazlı ikinci vəsatətində ibtidai istintaqa ifadə verən yalnız məhkəməyə gələn cinayət işində adı şahidləri siyahısında olmayan şəxslərin məhkəməyə gətirilərək ifadələrinin alınmasını istəyib.
Müdafiə tərəfinin vəkilləridə birinci vəsatətin qismən( Cavid Hüseynovla əlaqəli hissəsini dəyişməməsini), ikinci vəsatətin isə tam olaraq təmin olunmasını istəyiblər.
Hakimlər vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan hakimlər kollegiyası vəsatətlərdən birincisini rədd edib, ikincisini isə baxılmamış saxlayıb.
Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.
Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham edilib.
Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.