SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.
Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.
Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.**
18:04
Bu gün Xəzər dənizində "Günəşli" yatağının 50-60 kilometrliyində FHN-in helikopteri tərəfindən tapılan 4 neftçinin meyiti Sabunçu rayon morquna gətirilib. Lent.az-ın məlumatına görə, bir neçə dəqiqə əvvəl cəsədlər təcili tibbi yardım maşını ilə morqa gətirilib və onların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə başlanılıb.
Yaxın saatlarda həmin neftçilərin kimliyi ictimaiyyətə açıqlanacaq.
*****
16:12
Bu gün Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə Bakıya gətirilən Fuad Tağıyevlə Ağa Mahmudovun cəsədləri Xətai rayon morquna yerləşdirilib. Lent.az-ın məlumatına görə, Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, daha 4 nəfərin meyiti helikopterlə Sabunçu rayon morquna gətirilir. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi prosesindən sonra meyitlər ailələrinə təhvil veriləcək.
Hazırda FHN-in 2 helikopteri dənizdə axtarışları davam etdirir. Meyitləri gətirən helikopterlər yanacaq doldurub yenidən axtarışları davam etdirmək üçün dəniz üzərinə qayıdacaq. Bundan başqa FHN axtarış prosesinə qoşulmaq üçün dənizə daha bir helikopter göndərib.
*****
15:56
Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
*****
15:26
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş faciəvi hadisədə itkin düşənlərdən 3 nəfərin cəsədi tapılıb. Lent.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb. Cəsədi tapılan şəxslərin kimliyi hələ ki, bilinmir.
M.Qəhrəmanlı əlavə edib ki, yaxın saatlarda bununla bağlı daha ətraflı məlumat əldə edəcək.