Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoru Mustafayeva Diləfruz Əbil qızının cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Diləfruz Mustafayev 2 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki. Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.
Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimləri olub.
D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimlərin maaşından tutmağa başlayıb.
Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimlər əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir tədbir görülmədiyi üçün zərərçəkmiş şəxslər məsələni ictimailəşdirmək üçün mətbuata müraciət ediblər.
Elə bundan sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməlləri araşdırıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi açılıb. Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən D.Mustafayeva sonradan ev dustaqlığına buraxılıb.
Onun barəsində həmçinin Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi açılıb. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Diləfruz Mustafayevanın dələduzluq əməllərinin qurbanı olanların sayı 50 nəfərdən çoxdur. Onların hər birinin adına bankdan kredit götürülüb. Məktəb direktorunun barəsində cinayət işi açıldıqdan və həbs edildikdən sonra da kredit faizlərini müəllimlər ödəyib.