İş adamı Barat Abdullayevin həbs etdirdiyi həyat yoldaşı Təyminə Abdullayeva apellyasiya şikayəti verib.
Lent.az-a bu barədə onun vəkili Janna Bağırova məlumat verib.
O bildirib ki, artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayət ediblər.
İş yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmünə əsasən Təyminə Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təyminə Abdullayeva barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.
Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
Təyminə Abdullayeva ərinin dedikləri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Daha sonra Səkinə İsmayılova da həbs edilib. Onun da işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır.