Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu Biləsuvar Gömrük İdarəsi “Qoşa Təpə” gömrük postu-Biləsuvar avtomobil yolunun təqribən 3 kilometrliyində yerləşən ehtiyat su anbarının qarşısında, kolluqların arasından, 1 ədəd torbada içərisində üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd bağlamada, külli miqdarda 2 kiloqram 690 qram həşiş qətranı və digər 3 ədəd bağlamada, külli miqdarda 2 kiloqram 645 qram tiryək narkotik vasitələrini satmaq məqsədilə götürərkən yaxalanıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi başlanıb. Azərbaycan Respublikasının vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.