Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin İntiqam Əliyev barədə çıxardığı qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində, həmçinin, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.
R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.