Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Lent.az-ın əməkdaşının məlumatına görə, bu barədə İ. Əliyevin oğlu Nəcmin Kamilsoy bildirib. O, jurnalistlərə aşıqlamasında bildirib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi atasının azadlığa buraxıldığını deyib.
13:48
Ali Məhkəmə İntiqam Əliyevin azadlığa buraxılması barədə qərar verib. Lent.az-ın məlumatına görə, İ.Əliyev barəsində çıxarılmış hökm Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib. Hüquq müdafiəçisinin dərhal azadlığa buraxılması barədə də qərar verilib.
Bunları jurnalistlərə vəkil Cavad Cavadov bildirib: "İntiqam Əliyevin müdafiəçiləri çıxışında bəraət hökmü istədilər. Lakin buna nail ola bilmədik. Biz bəraətlə bağlı müraciətimizin qəbul edilməməsinə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik". İntiqam Əliyevin yaxın saatlarda təcridxanadan azad olunacağını bildirilir.
**
12:10
Bu gün Ali Məhkəmədə Baş Prokurorluğun "Hüquq Maarifçiliyi Cəmiyyəti"in sədri İntiqam Əliyevin qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protestinə baxılır. Lent.az-ın məlumatına görə, məhkəmə qapalı keçirilir, vəkillərdən başqa içəri heç kim buraxılmayıb. İntiqam Əliyev iclasa gətirilməyib.
Baş Prokurorluğun kassasiya şikayətini baş prokuror Zakir Qaralovun müavini Namiq Əsgərov müdafiə edir. Hazırda iclas davam edir.
Qeyd edək ki, İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib. İntiqam Əliyev Ali Məhkəməyə kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb. Bir neçə gün bundan öncə İ. Əliyev barəsində Baş Prokurorluq cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.