Bakı Apellyasiya Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilib, ömürlük azadlıqdan məhrum olunan Aydın Qəhrəmanovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Aydın Qəhrəmanovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva və Samirə Yəhyayevanı dərmanla zəhərləyərək öldürməkdə təqsirləndirilib.
Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.
İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aydın Qəhrəmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Aydın Qəhrəmanovun vəkili apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Amma hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilib. Qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Müraciətdə apelyasiya instansiyasında məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Ali Məhkəmənə onun şikayəti təmin edib və işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya şikayətinə istintaq yolu baxılacaq.