Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Rafiq Səfərəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 30-a təyin edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il oktyabrın 23-də saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində yol qəzası baş verib.
Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi “Ford Cargo” markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.
R.Səfərəliyev idarəetməni itirdiyindən avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi “KİA” markalı avtomobilə vurub.
R.Səfərəliyevin sərnişinlərindən - həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ona Cinayət Məcəlləsinin 263( ölümlə nəticələn yol qəzası törətmək) maddəsi ilə cinayət işi açılıb.