Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən marşrut avtobusu sürücüsü 1988-ci il təvəllüdlü Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, bu il hadisə aprelin 8-də Nizami rayonu ərazisində baş verib. 103 saylı marşrut xəttinin sürücüsü 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub. “Daewoo”nun sürücüsü idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdiriliblər.