Bakı Apelyasiya Məhkəməsində quldurluqda ittiham olunan Famil Cavadov və Vüsal Qasımovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkillər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Nəticədə apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.
Qərardan narazı qalan müdafiəçilər kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsini istəyiblər. Onların şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Bu səbəbdən apelyasiya instansiyasında məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə baş verib. Naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Cavadov fevralın 24-də, cinayətin digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
.