Yanvarın 15-də Ombudsman aparatının işçiləri arasında dava düşüb. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, axşam saatlarında Ombudsuman Aparatının şöbə müdiri, Bakı şəhər Nərimanov rayon sakini Əliyev Zaur Hümmət oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun üst çənə sümüyündə sınıqlar aşkarlanıb, həmçinin Z.Əliyevə baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Məsələ ilə bağlı dərhal polisə məlumat verilib. Hadisənin araşdırılması nəticəsində məlum olub ki, Z.Əliyev Üzeyir Hacıbəyov küçəsi 40 ünvanında yerləşən Hökumət evində, Ombudsman aparatının ofisində döyülüb. Məlum olub ki, Z.Əliyev iş vaxtı aparatın əməkdaşı 1988-ci il təvəllüdlü Kazımov Toğrul Mehdi oğluna irad bildirib. Şöbə müdirinin iradları 25 yaşlı işçinin narazılığına səbəb olub və onlar dalaşmağa başlayıblar. Bu zaman T.Kazımov müdirə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Məsələ ilə bağlı Ombudsman aparatı ilə əlaqə saxladıq. İdarədə Lent.az-a bildirildi ki, Z.Əliyev işlə əlaqədar yoxdur və bu həftə ərzində ofisdə olmayacaq.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.