Bakı Apellyasiya Məhkəməsində Şahlar Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib.
Qeyd edək ki, hadisə keçən il Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Qeyd edək ki, A.Dəmirova daha əvvəl kişi olub. Adı isə Hətəmpaşa olub. O, daha sonra əməliyyatla cinsiyyətini dəyişdirib qadın olub.