Hər şeyi danışacağını deyən MTN polkovnikinin səhhəti pisləşdi
23 iyun 2017 13:55 (UTC +04:00)

Hər şeyi danışacağını deyən MTN polkovnikinin səhhəti pisləşdi

 

Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən proses təxirə düşüb. Belə ki, həbsdə olan polkovnikin səhhətinin pis olduğu bildirilib.

 

Bu səbəbdən məhkəmə iclası iyulun 7-dək təxirə salınıb. 

 

Xatırladaq ki, ötən prosesdə Vüsal Ələkbərov son sözünə vaxt istəmişdi. O, son sözündə hər şeyi açıqlayacağını, adlar çəkəcəyini demişdi.

 

Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onun rütbəsinin əlindən alınmasını, üzərində həbs olan əmlaklarının müsadirə edilməsini istəyib.

 

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

# 129
avatar

Səlcuq Elçin

Oxşar yazılar