Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov özü və bu işdə zərərçəkən Vidadi Əzizovun şikayəti üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində M.Əsgərovun vəkili Fazil Nəhmədov deyib ki, müvəkkilinə bəraət verilməlidir: “Vidadi Əzizov məhkəmə qərarı əsasında izlənilib. Vidadi Əzizov deyir ki, hüquqlarını müdafiə etdiyim şəxsə rüşvəti “Hilton” və “Abşeron” otellərinin yanında verib. Amma bunu təsdiqləyən heç bir sübut yoxdur. Telefon danışıqlarının siyahısından görünür ki, aralarında cəmi bir zəng olub. Mirəziz Əsgərov sadəcə, peşə fəaliyyəti ilə əlaqədar ona verilmiş tapşırıqları icra edib”.
Həbsdə olan polkovnik qeyd edib ki, MTN-ə zərərçəkmiş Vidadi Əzizovun vasitəsilə İrandan hərbi texnika keçirilməsi haqda məlumat daxil olub: “Qərar verilmişdi ki, əməliyyat qrupu yaradılsın, Əzizov gördüyü işin müqabilində pul aldığı yerdə tutulsun. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib, biz sadəcə, əməliyyata nəzarət eləmişik. Onu xüsusi təyinatlılar saxlayıb MTN-ə-mənim otağıma gətiriblər. Onu dindirmişik, həmin vaxt ondan nə pul istənilib, nə də hədə-qorxu olub. O, bankdan pulu götürüb çıxanda saxlanmışdı deyə, üstündə böyük məbləğdə pul var idi. Məsələnin maliyyə-iqtisadi tərəfinin mənə aidiyyəti yox idi. Mənə tapşırılmışdı ki, bu adamın xarici kəşfiyyatla əlaqələrini araşdırım”.
Mirəziz Əsgərov deyib ki, Əzizov MTN-dən buraxılanda onun pulları da özünə qaytarılıb: “Əgər mən ondan pul alan idimsə, elə həmin pulunun üstündən götürərdim də, bir də sonradan niyə görüşüb alırdım?! Mən uzun illər əməliyyatçı işləmişəm. Mənim rüşvət almaq niyyətim olsaydı, yer olaraq, “Abşeron”, “Hilton” otellərinin yanını niyə seçirdim? O ərazi kameralarla doludur. Belə hal olsaydı, kameralara düşərdi”.
M.Əsgərov Əzizov MTN-dən buraxılandan sonra ona zəng eləməsinin səbəbini isə belə izah edib: “Vidadi Əzizovun xarici kəşfiyyata işləməsi tam sübuta yetirilmişdi. Hətta o, dindirmə zamanı müəyyən öhdəliklər də götürmüşdü. İrana və ya digər ölkələrə gedəndə bizə məlumatlar gətirməli idi. Mənim onunla bir dəfə telefon əlaqəm bu məsələ ilə bağlı olub. Amma sonradan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Vidadi Əzizovun sahibkarlıqla məşğul olması haqda deyilənlər yalandır. Sahibkar olubsa, ödədiyi vergilər hanı? Vidadi Əzizov özü məhkəmədə dedi ki, sahibkarlıqla məşğul olduğu müqavilələrdə “tam məxfi” yazılıb. O necə sahibkar idi ki, müqavilələrində “tam məxfi” yazılıb. “Tam məxfi” ancaq kəşfiyyat orqanlarına aid işarədir”.
Məhkəmə oktyabrın 23-də davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz.
Hakimlər kollegiyasının hökmünə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pulun Mirəziz Əsgərovun özünə qaytarılması barədə də qərar qəbul edilib.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.