Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən iclas başlamamışdan əvvəl adəti üzrə zala birinci Vidadi Zeynalov gətirilib. O, gələn kimi tanışları ilə salamlaşıb və vəkilləri ilə bəzi məsələləri məsləhətləşib. Bundan sonra sabiq aparat rəhbəri Beytulla Hüseynov baş mühasibi Anar Mustafayevi yanına çağıraraq sənədlərə göz gəzdirib. Məhkəmə katibi bildirib ki, təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri hələ məhkəməyə gəlməyib.
Bir müddət sonra "Aztelekom"un sabiq sədri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev məhkəməyə gəlib. Digər vəkillər Şahin Rəfiyevin məhkəməyə niyə vaxtında gəlmədiyi ilə bağlı iradlarını bildiriblər.
Vəkillərin hamısı məhkəmə gələndən sonra proses təyin olunduğu vaxtdan bir saat sonra başlayıb.
Şahid qismində Fərzəli Fərzəliyev ifadə verib. O ifadəsində bildirib ki, Sabirabad Telekomunikasiya qovşağında şöbə rəisi vəzifəsində çalışıb. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Şahid məhkəmədə ifadəsində qeyd edib ki, materialların alınması zamanı sənədlərə qol çəkib: "Yalnız onların alınmasında iştirak etməmişəm. Sənədlər gəlirdi, mən də qol çəkirdim. Mənim imzam olan sənədlər təyinatı üzrə yerinə yetirilirdi. Materialları biz anbardan götürürdük".
Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifov və Bəylər Məmişov şahidin ifadəsində ziddiyyət olduğundan istintaqa verdiyi ifadənin elan olunmasını istəyiblər.
Şahidin istintaqa ifadəsi elan olunan zaman o, özünü pis hiss etdiyini deyib. Bu zaman şahid özündən gedib. Hakimlər qısa fasilə elan edib.
Şahid zaldan çıxarılıb. Bu zaman "Aztelekom" sədri Məhəmməd Məmmədov ayağa qalxaraq bildirib ki, bu adamlar fəhlə adamlardır: "Heç vaxt polis, prokurorluq görməyən adamlardı. Dili ilə təsdiqləyir. Sual verirsiniz, həyəcanlanır, özündən gedir".
Daha sonra şahid qismində Əkbər Əsgərov dindirilib. O, ifadəsində Şirvan Telekomunikasiya qovşağında baş mühasib olduğunu deyib. Baş mühasib bildirib ki, ayrılan pulların 90 faizi yenidən "Aztelekom"a qaytarılıb: "Pullar gəlirdi, ümumilikdə bizim qovşağa 5 il ərzində 12 milyon 350 min manat pul köçürülüb. Həmin pulun 10 faizi bizə qalırdı. Qalan hissəsini isə şəxsən Oqtay Rüstəmova gətirib əlbəəl vermişəm. Bəzən də qovşaq rəisi Rəhman Məmmədovun özü gətirib verirdi. 2010-cu ildən həmin vəzifədə çalışıram. Həmin dövrdən də 5 il ərzində həmişə bu sistemlə çalışmışıq. Bizim idarəyə qalan 10 faizlə işləri görmüşük. Mənə tapşırığı qovşağın rəhbəri Rəhman Məmmədov verirdi. Deyir, ona bu barədə rəhbərlikdən məlumat verilib. Vergini, sosialı və digər ödənişləri müəssisənin öz pulu ilə ödəyirdik".
Təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə Əkbər Əsgərovdan heç zaman pul götürmədiyini və dediklərinin doğru olmadığını deyib: "Biz səni səmimi insan kimi tanımışıq. Bir az səmimi olun. Doğruları danışın".
"Aztelekom"un sabiq sədrinin vəkili Şahin Rəfiyev şahidin cavablarına aqressiv münasibət bildirək, çıxışa müdaxilə edib.
Bu zaman hakim Əfqan Hacıyev Şahin Rəfiyevə xəbərdarlıq edərək, səsinin tonunu çox qaldırmamasını deyib.
Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib ki, Şirvan şəhərində çox iclasa gəliblər: "Bizə adiyyatı yoxdur əslində, amma çox maraqlıdır ki, şahid deyir, 90 faiz pullar geri qaytarılıb. Halbuki, həmin qovşaq Şirvanda Heydər Əliyev Mərkəzinin yaxınlığında idi. Bir neçə dəfə təmir edilib. Ora iclaslara gəlmişik. Regional iclaslarımız orda olub. Bəs o pullar geri qaytarılıbsa, necə o bina dəfələrlə təmir edilib".
Hakim bildirib ki, şahid ifadəsində gələn pulun 10 faizinin bu işlərə yönəldildiyini qeyd edib.
"Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun vəkili vəsatətlə çıxış edib.
O, çıxışında müdafiə etdiyi şəxsin qardaşının vəfat etdiyini bildirib. Həmçinin vəkil vəsatətində qeyd edib ki, sabah Namazalı Məmmədovun qardaşının dəfn mərasimi olacaq və onun həmin mərasimdə iştirakının təmin edilməsinə kömək edilsin.
Hakim bildirib ki, onların belə bir səlahiyyəti yoxdur: "Bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmələsiniz".
Şahid qismində Şirvan Telekomunikasıya qovşağında xəzinədar vəzifəsində çalışmış Əsəd Əsədullayev ifadə verib. O da ifadəsində " Aztelekom" tərəfindən göndərilən pulların 90 faizinin geri qaytarıldığını deyib: "Pullar bank vasitəsi gəlirdi. Sonra 90 faiz pulu baş müsahibə verirdim. O da rəisinin yanına gedirdi. Sonra baş mühasibdən pulun "Aztelekom"a qaytarıldığını eşitməmişəm".
Şahid qismində Yaşar Babayev məhkəmə zalına çağırılıb. Yaşar Babayev bildirib ki, Sabirabad rayon Telekomunikasiya qovşağında baş mühasib vəzifəsində çalışıb. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Məhkəmədə bildirib ki, "Aztelekom"dan gələn pulların bir hissəsi yenidən qaytarılıb: "Pulun niyə qaytarıldığını bilmirəm. Rəis nə deyirdi, onu eləyirdim. Sadəcə biz sənədləşdirirdik. Rəis maaşımdan əlavə bayramda, toya gedəndə 50-100 manat mənə pul verirdi".
Onun istintaqa ifadəsi elan edilib. İstintaq ifadəsində ona rəis tərəfindən 1000 manat pul verildiyini bildirib.
Şahid isə bu təkzib edib: "Hər ay o boyda pul alsaydım, 3 banka borcum qalmazdı. Ola bilər ki, mexaniki səhv ola bilər. Rəis yalnız bayramda toyda 100 manat pul verib".
Faiq Cəfərov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır. O, "Aztelekom"un maliyyə şöbəsində rəis olduğunu deyib.
Şahid ifadəsində bildirib ki, şöbənin işi maliyyə hesabatlarının proqnozlaşdırılması və statistikasının hazırlanması olub.
Prokurorun suallını cavablandıran Faiq Cəfərov qeyd edib ki, Namazalı Məmmədovun gördüyü işlərdə çox zaman problem yaşanmayıb: "Yalnız Namazalı müəllin Gəncədə çalışan zaman problem yarandı. Biz statistik hesabatlar hazırladıq. Gördük, alınan materiallar bazar qiymətindən baha başa gəlib. Bununla bağlı hesabat hazırlandı və rəhbərliyə məruzə elədik. Ümumiyyətlə, görülən işlərin qiymətləndirilməsi ilə bağlı Məhəmməd Məmmədova məruzə eləmişəm".
Şahidin istintaqa verdiyi ifadə elan olub. İstintaq ifadəsində bildirilib ki, Namazalı Məmmədovun işlərində nöqsanlar çox olub: "Nöqsanlara görə Namazalı Məmmədovla bağlanan müqavilə dayandırıldı. Yalnız Rabitə Nazirliyinin rəhbəri tərəfindən tapşırıq olub, ona himayədarlıq edilərək müqavilə yenidən imzalanıb. Buna görə "Aztelekom"a külli miqdarda ziyan dəyib".
Şahid isə istintaqa verdiyi ifadəsinə münasibət bildirək deyib ki, onun ifadəsi düz başa düşülmədiyindən başqa istiqamətə yönəldilib.
Daha sonra vəkillərin suallarına cavab olaraq Faiq Cəfərov bildirib ki, 200 minlik işi 4 yerə bölərək 50 minlik tenderlər edilib. Bunun səbəbini isə izah edə bilməyib.
Bu zaman Vidadi Zeynalov şahidin ifadəsinə arayış verib: "Rayonlarda deputatlar görüş keçirirdi. Sakinlər kəndlərinə, qəsəbələrinə telefon çəkilməsini istəyirdi. Millət vəkilləri tərəfindən də bizə müraciət edilirdi. Məhz bizim də rayonlarda sakinlərlə görüşlərimiz zamanı bu tələblər olurdu. Biz də söz verirdik ki, 1 ay ərzində sizə telefon çəkiləcək. Pul ayrılırdı. Sadəcə onu 4 yerə bölməyimiz və ayrı-ayrı tender eləməyimiz işin operativliyinə xidmət edirdi. İşin söz verilən vaxta qədər təhvil verilməsi üçün bu hesablanırdı".
Şahid istintaqa verdiyi ifadənin bəzi hissəsini təsdiq etmədiyini, ifadə verən zaman həyəcanlı olduğunu deyib: "İfadəmdə Namazalı Məmmədova nazir tərəfindən havadarlıq edildiyini deməmişəm. Çünki bunu mənim bilməyim mümkün deyil".
Digər şahid Yaşar Əliyev isə ifadəsində sahibkar kimi fəaliyyəti göstərdiyini deyib. O bildirib ki, razılaşma yolu ilə "Aztelekom"dan iş götürüb: "Razılaşırdıq. İş verilirdi. Pul köçürülürdü. 35 faizini gətirib baş mühasib Oqtay Rüstəmova vermişəm. O, bizə faiz təyin edirdi, onunla çalışırdıq".
Oqtay Rüstəmov isə şahidin dediklərinin yalan olduğunu və ondan heç zaman pul almadığını deyib.
Prosesdə şahid qismində "Aztelekom"un sabiq sədri Məhəmməd Məmmədovun bacısı oğlu Sahib Əliyev dindirilib. O, ifadəsində istintaqa verdiyi ifadəni təsdiqləyib.
Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.