ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Hacıqabul rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində (RPŞ MSY) monitorinq həyata keçirilib. Lent.az-ın məlumatına görə, monitorinqə fondun prezidenti Əliməmməd Nuriyevin rəhbərlik edib. Monitorinq zamanı müvəqqəti saxlama yerinə, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə, görüş otaqlarına, mətbəxə baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şüphəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalı nəzərdən keçirilib. Hacıqabul RPŞ MSY-da 4 təqsirləndirilən şəxs olub. Onların hər biri ilə söhbət aparılıb, hüquqları izah edilib. MSY-də saxlanılan şəxslərin saxlama şəraiti və rəftar ilə bağlı hər hansı bir şikayətləri olmayıb.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməməsinə baxmayaraq qanun bəzi normalarının tətbiqinə başlanılıb. Təqsirləndirilən şəxslərin ailə üzvləri əlaqə saxlaması, yaxınları ilə görüşlərin keçirilməsi və s. məsələlərlə bağlı yeni qanundan irəli gələn tələblərə əməl olunur. Polis şöbəsinin binası yeni tikildiyindən saxlama kameralarının tutumu, işıqlandırma, gəzinti meydançası, istilik və ventilyasiya sistemi standartlara cavab verir.