Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı istintaq yolu ilə aparılmadan fevralın 2-nə təyin edilib. Prosesdə Gülər Əhmədova iştirak etməyib. Onun vəkili Əfsər Talıbov isə məhkəmədə olub.
Qeyd edək ki, G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.