Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın Əfsər Talıbovdan başqa, daha iki vəkili Fazil Nemətov və Lətif Ağayev təqdim olunub.
Daha sonra vəkil F. Nemətov apellyasiya şikayətinə xitam verilməsi, G. Əhmədova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlər verib.
O bildirib ki, istintaq və birinci instansiya məhkəmə zamanı qanun pozuntularına yol verilib. Vəsatətlərə münasibət bildirən G. Əhmədova vəsatətləri müdafiə etdiyini deyib. “Bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. Bu işdə zərərçəkən yoxdur. Elşadın mülki iddiaları təmin olunmayıb. İstəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Bir il həbsdə olmağım da qurban olsun vətənim Azərbaycana”.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim bildirib ki, həmin vəsatətlər məhkəmənin ilkin baxış iclasının qərarı elan olunan zaman müzakirə olunacaq və qiymət veriləcək.
Sonra vəkil Əfsər Talıbov G. Əhmədovanın şüşə kabinədən çıxarılaraq vəkillərin yanında əyləşməsi barədə vəsatət verib. Dövlət ittihamçısı isə həmin vəsatətin təmin olunmamasını xahiş edib.
Vəsatətə münasibət bildirən G. Əhmədova bildirib ki, ona qarşı ayrı-seçkilik edilir: “Bir ildir ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Orada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın var. Hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər. Mən yeganə adamam ki, ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki?”
Məhkəmə isə həmin vəsatəti təmin etməyib.
Daha sonra vəkil Ə. Talıbov prosesdə audio və video çəkiliş aparılması barədə vəsatət verib. G. Əhmədova vəsatətə münasibət bildirərkən onunla bağlı mətbuatda yanlış məlumatların yazıldığını deyib: “Barəmdə başqa-başqa şeylər yazılır. Məhkəmə iclaslarının tam olaraq audio və video yazılarının aparılmasını istəyirəm”.
Məhkəmə müşavirə edərək həmin vəsatətin də təmin olunmaması barədə qərar qəbul edib.
Vəkil Əfsər Talıbov isə çıxış edərək bildirib ki, G. Əhmədova barəsində cinayət işi o deputat olan zaman Bakı Şəhər Prokurorluğu tərəfindən açılıb. O, həmin məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi barədə vəsatət verib. G. Əhmədova isə bildirib ki, cinayət işi deputat olan zaman açılıb: “Bu cinayət işi fakt üzrə qaldırılmayıb. Mən deputat olan zaman qanunsuz olaraq cinayət işi qaldırılıb. Baş prokuror Zakir Qaralov da mətbuat nümayəndələrinin qarşısında çıxışında deyib ki, Elşad Abdullayev Azərbaycana gəlməli və Gülər Əhmədova ilə üzləşməlidir. Həmçinin o, aydınlıq gətirməlidir ki, mən pul tələb etmişəmsə, niyə bu illər ərzində susub oturub? Prokurorluq ekspertin rəyi olmadan yazıb ki, videogörüntüdəki adam mənəm. Bu düzgün deyil”
Daha sonra vəkil F. Nemətov çıxış edərək digər vəsatətlərin müzakirə olunması üçün məhkəmənin təxirə salınmasını xahiş edib.
Proses aprelin 16-dək təxirə salınıb.