AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra G.Bayramlının vəkili Elçin Sadıqov məhkəmədə vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı dekabrın 13-ə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
İlkin araşdırmalarla G.Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.