Göyçayda mebel sexində yanğın olub. APA-nın məlumatına görə hadisə bu gün saat 13.30 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
Əraziyə 4 yanğın söndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın ümumi sahəsi 6500 kvadratmetr olan obyektdə mövcud olan 3 sexdən birində, boyama sexində baş verib. Yanğın zamanı sexin 104 kvadratmetrlik sahəsi və içəridəki taxta, mebel və boyaq məmulatları yanıb. Hadisə iş zamanı baş versə də xəsarət alan olmayıb. Yanğının digər sexlərə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son 10 gün ərzində Göyçayda daha iki sahibkarlıq obyektində güclü yanğın baş verib. Ərzaq və geyim əşyaları mağazalarında baş verən hər iki hadisə zamanı sahibkarlara külli miqdarda maddi ziyan dəyib.