Goranboy rayonunun Sarov kəndinin qəbiristanlığında gözlənilməz hadisə qeydə alınıb. Lent.az-ın KəpəzTV-yə istinadən verdiyi məlumata görə, adıçəkilən kənddə yaşayan Quliyevlər ailəsinin üzvləri adət-ənənəyə uyğun olaraq cümə günü öz ölülərini ziyarət etmək məqsədilə kənd qəbristanlığına gediblər. Qəbristanlıqdakı mənzərə isə onlar üçün gözlənilməz olub. Belə ki, Quliyevlər ailəsinin əzizlərinin uyuduqları 4 qəbir kimlərsə tərəfindən dağıdılıb, başdaşlarına xəsarət yetirilib, şəkillər zədələnib. Mövcud vəziyyətlə bağlı olaraq polisə və yerli icra orqanlarına müraciət edilib. Qəbir sahiblərindən biri olan Rəşad Qarayev bu hərəkətin arxasında kimlərin dayandığını və bunun nə səbəbdən edildiyini anlamır.
Ərazidə araşdırma aparan Goranboy rayon Polis Şəbəsinin əməkdaşları isə qəbirlərin dağıdılmasına Quliyevlər ailəsi ilə münaqişədə olan kimlərinsə səbəb ola biləcəyi ehtimalı üzərində işləyir.
Qeyd edək ki, Goranboy rayonunun Sarov kəndinin qəbiristanlığında baş verən vandalizim aktı kənd sakinləri ilə yanaşı, polisin də təəccübünə səbəb olub. İnsanlığa sığmayan bu hərəkətin kim tərəfindən və niyə törədildiyini isə hazırda polis araşdırır.