Gömrükçülər 1940 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Komitədən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Bolnisi rayonunun Həsənxocalı kəndinin sakini Səfərov Afət Polad oğlunun idarə etdiyi “Mersedes Benz” sprinter markalı SS519OO dövlət nömrəli nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlamadan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Səfərov Afət Polad oğlu idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə şifahi olaraq sorğu-sual edilib. Sürücü gömrükçülərə nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Ancaq nəqliyyat vasitəsi Skanlaşdırma Şöbəsinin HCVG rentgen yoxlama baxış sistemindən keçirilən zaman avtomobilin tavan hissəsində xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən 1940 qutu pirotexniki vasitələr aşkar edilərək götürülüb.