Bu gün Dövlət Gömrük Komitəsi Sumqayıt şəhəri yaxınlığında müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulan və istifadəsi yararsız hesab olunan məhsullar yandıralaraq məhv edib.
Komitədən Lent.az-a verilən məlumata görə, həmin məhsullardan ümumi miqdarı 64802 qutu təşkil edən müxtəlif adda tütün məmulatları Səhiyyə Nazirliyi Respublika Gigiena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.
207 kq kolbasa, 91 kq hisə verilmiş balıq, 218 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün məhv olunub. Müxtəlif adda 611 ədəd pivə və kustar üsulla hazırlanan 864 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib. İstifadə müddəti bitdiyi üçün 446 ədəd mineral su, 659 ədəd limonad, 3815 ədəd sərinləşdirici və enerji içkisi, eləcə də 317 ədəd müxtəlif duru yağlar da məhv edilib.
Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 311 071 ədəd pirotexniki vasitələr yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin, daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq onların da məhv edilməsi həyata keçirilib. Bundan başqa, müxtəlif markalı 252 ədəd mobil telefonlar kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.
Nəhayət, gömrükçülərin müsadirə etdikləri mallar arasında Ermənistan istehsalı olan 51 qutu siqaret, 23 ədəd kofe, 31 ədəd konyak da aşkarlanmış və istifadəyə yararsız olduğu üçün məhv edilib. Sözügedən bütün məhsullar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.