Erməni sərhədçilər Gürcüstanla sərhəddə daha bir azərbaycanlını döyərək mal-qarasını aparıblar
Avqustun 17-də girov götürülən Gürcüstan vətəndaşı, Marneuli rayonunun Burma kənd sakini Allahverdi Pələngovun taleyi məhkəmədən asılıdır. Bu barədə APA-nın Gürcüstan bürosuna A. Pələngovun əmisi oğlu Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, onlar səhər tezdən Gürcüstan gömrük-buraxılış məntəqəsinin qarşısına toplaşaraq, Ermənistan tərəfin Allahverdi Pələngovun Gürcüstana təhvil verilməsini gözləyiblər. Lakin təxminən bir saat bundan əvvəl məlum olub ki, Ermənistan Allahverdi Pələngovun məsələsini məhkəmə yolu ilə həll edəcək: “Bir az bundan əvvəl mənə məlumat verildi ki, Allahverdi Pələngovun azadlığa buraxılması və yaxud həbs olunmasını Ermənistanın məhkəməsi həll edəcək. Ermənilər bunun səbəbini bizə açıqlamayıblar. Gürcüstan tərəfi də bizə hadisə ilə bağlı məlumatlarının olmadığını deyir”.
Ayaz Pələngov dünən axşam saatlarında Burma kəndində daha bir soydaşımızın üç erməni sərhədçisi tərəfindən döyüldüyü deyib: “Dünən kəndin alt tərəfində neytral zonada axşam üstü saat 18.10 dəqiqə inək otaran Burma kənd sakini Vahid Rüstəm oğlu Kərimov 3 erməni sərhədçisinin qəfil hücumuna məruz qalıb. Sərhədçilər Vahidi avtomatın qundağı ilə döyüb, mal-qarasını aparıblar. Vahid Rüstəmov hadisədən sonra Gürcüstan sərhədçilərini xəbərdar edib və onlar mal-qaranı geri qaytarıblar”.