Dekabrın 26-da Azərbaycan Gənclər Fondu 1 illiyi münasibətilə hesabat konfransı keçirib.
Lent.az-ın verdiyi məlumata görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri, nazirliklərdən, müxtəlif dövlət qurumlarından rəsmilər, özəl şirkətlərdən, gənclər təşkilatlarından nümayəndələr, media işçiləri iştirak ediblər.
İlk fəaliyyət ilinin hesabatı təqdim olunduqdan sonra Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edib. Müsabiqə 26 dekabr 2012-ci il – 15 fevral 2013-cü ili əhatə edəcək. Ötən müsabiqədə olduğu kimi, gənclər və gənclər təşkilatları Fondun rəsmi saytında qeydiyyatdan keçərək layihə təklifi ilə müraciət edə bilərlər. İkinci qrant müsabiqəsi üçün yeni istiqamətlər müəyyən olunub. A kateqoriyası üçün təklif olunan yeni istiqamətlər region gənclərinin aktiv sosial inteqrasiyası, sağlam həyat tərzi, gənclik və idman, yeni media vasitələrilə gənclərin sosial ideya təşəbbüslərinə yardım edəcək mühitin yaradılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyası, bələdiyyələr və gənclər əməkdaşlığı, ekoloji maarifləndirməni əhatə edir. V kateqoriyası üçün təklif olunan yeni istiqamətlərə xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə birgə layihələri, Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər və xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər daxildir. C kateqoriyası üçün təklif olunan yeni istiqamətlər gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, İstedadlı gənclərin ixtiraçılıq və innovativ təklif və ideyalarının reallaşdırılması layihələri, gənclər və elmi texniki tərəqqi sahəsində layihələr, Animasiya və filmlərlə bağlı layihələr və İntellektual gənclərin təşəbbüslərinə dəstək layihələri əhatə edir. D kateqoriyası üçün təklif olunan yeni istiqamətlərə gənc alimlərin, ictimai-fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi sahəsində layihələr və xaricdə olan ictimai-fəal, istedadlı və yaradıcı əcnəbi gənclərin Azərbaycanda həyata keçirilən gənclər tədbirlərində iştirak səfərinin qismən maliyyələşdirilməsi daxildir. E kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi ilə bağlı olacaq.
Gənclər Fondu Gəncləri və gənclər təşkilatlarını müsabiqədə aktiv iştirak etməyə dəvət edir.