Bu gün Bakı Apelyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının Nəsimi rayon Məhkəməsinin iki qərarından verdiyi apelyasiya şikayətlərinə baxılıb. Lent.az-ın məlumatına görə, Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə F.Qəhrəmanlının girov müqabilində azadlığa buraxılmaması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayət təmin edilməyib.
Qeyd edək ki, F.Qəhrəmanlının girov müqabilində azadlığa buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət olunsa da, martın 4-də məhkəmə müraciəti təmin etməmişdi.
Həmin gün həmçinin F.Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün istintaq orqanının verdiyi vəsatət əsasında Nəsimi rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2 ay artırıb. Hər iki qərardan narazı qalan F.Qəhrəmanlı qərarlardan Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.