Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda polis rəisinin sürücüsünün öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Hyundai Tucson” və “Hyundai Sonata” markalı 2 minik avtomobili toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Hyundai Sonata” markalı minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış “Hyundai Sonata” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 09:13-də başa çatıb.
Qeyd edək ki, polis serjantı Rafiq Abbasovun idarə etdiyi “Hyundai - Sonata” markalı maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.