APA-nın məlumatına görə, yer, hava və dəniz komponentləri üzrə keçirilən təlimdə FHN əməkdaşları tərəfindən şərti olaraq Bakı ətrafında zəlzələ bölgəsində müxtəlif xilasetmə və yanğınsöndürmə epizodları icra olunub.
Təlim zamanı rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, o cümlədən FHN-in “112” və “101” xidmətlərinə ötürülməsi, Aviasiya Təhlükəsizliyi Xidmətinin və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), o cümlədən digər xidmətlərin qüvvə və vasitələri müəyyən olunmuş hazırlıq vəziyyətinə gətirilməsi, helikopterlərlə əraziyə desant yerləşdirilməsi, xilasetmə, təxliyə əməliyyatının və yanğınsöndürmənin təşkili həyata keçirilib.
Təlimlərə Hövzə Qəza Xilasetmə Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası da cəlb edilib.
Təlimin sonunda FHN-in texnikalarının keçidi olub.
Qeyd edək ki, təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabit heyəti izləyib.
Təlimdən əvvəl isə Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar, xüsusi şəraitlər üçün nəzərdə tutulan çadırlar, zirehli transportyorlar, minik vasitələri, o cümlədən motosikletlər, xüsusi vasitələri qonaqlara nümayiş olunub.