FHN 7 yaşını qeyd etdi
15 dekabr 2012 16:36 (UTC +04:00)

FHN 7 yaşını qeyd etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) qurumun yaradılmasının 7-ci ildönümünə həsr olunmuş təntənəli iclas keçirilib.

 

 APA-nın məlumatına görə, iclasda çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərində baş verən ən müxtəlif fövqəladə hadisələrə çevik və uzaqgörən reaksiyası, çətin vəziyyətə düşən vətəndaşların daim yanında olması xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə hər zaman verdiyi böyük dəyərin göstəricisi idi. Ölkə prezidenti İlham Əliyev tərəfindən FHN-nin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunmasını onun xüsusi diqqət və qayğısının bariz göstəricisi olduğunu deyən nazir bildirib ki, ötən illər ərzində Nazirliyin strukturunun optimallaşdırılması, texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

 

K. Heydərov vurğulayıb ki, ötən müddət ərzində nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi işləri davam etdirilib, cari ildə bu istiqamətdə bir sıra sazişlər imzalanıb: “Ölkə prezidentinin tapşırığına əsasən, Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasının Dərbənd şəhərində baş vermiş təbii fəlakətlərdən, İran İslam Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş insanlara kömək göstərilməsi məqsədilə təbii fəlakət bölgələrinə humanitar yardımlar çatdırılıb”.

 

Nazir həmçinin qeyd edib ki, il ərzində FHN-in bəzi əməkdaşlarının qanunazidd hərəkətləri, o cümlədən fəaliyyətlərində yol verdikləri neqativ hallar barədə də müraciətlər daxil olub: “Aparılmış araşdırmalar nəticəsində il ərzində 138 əməkdaş barəsində intizam tənbehi tədbirləri görülüb. İntizam məsuliyyətinə cəlb olunmuş şəxslərdən 37 əməkdaş xidmətdən xaric edilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 100 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri tətbiq olunub, 8 əməkdaşa isə xəbərdarlıq edilib”.

 

K. Heydərov həmçinin FHN-in bəzi regional mərkəzlərinin direktorlarına da xəbərdarlıq edib: “Onların bəziləri görməli olduqları işlərin əvəzinə başqa işlərlə məşğul olurlar. Yaxın zamanlarda işlərində dönüş yaratmayan şəxslər barəsində ciddi tədbirlər görüləcək. Rəhbər şəxslərin hər biri öz işi ilə ciddi məşğul olmalıdır, belə hallar bağışlanmayacaq”.

        

Tədbirdə həmçinin FHN-in xidmətdə fərqlənən əməkdaşlarına mükafatlar təqdim edilib.

 

Sonda iclas iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594
avatar

Oxşar yazılar