Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin dekabrın 8-də vəfat etmiş komandiri bu gün torpağa tapşırılıb.
APA-nın məlumatına görə, daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bu gün Zabrat qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəsmi şəxsləri və daxili işlər nazirinin müavini Oruc Zalov iştirak ediblər.
Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.