Bu gün tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda təqsirləndirilən oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Abbas Ağacanov ifadə verib. O, ifadəsində işlə bağlı Əziz Kərimzadəyə pul verdiyini dilə gətirib: “Bir iş vardı, onu həll edə biləcəyini dedi. Nağd olaraq ona pul verdim. Üstündən bir müddət keçəndən sonra işi həll edə bilmədi. Pulumu geri almağı bacardım”.
Proses oktyabrın 10-da davam edəcək.
Qeyd edək ki, 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Hazırda isə Ə.Kərimzadə 4 vətəndaşdan vətəndaşdan 60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir.