Tanınmış müğənni Fədayə Laçın bir neçə gün əvvəl Astara-Bakı qatarındakı xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etdiyi üçün Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə şübhəli bilinərək barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib. Lent.az xəbər verir ki, bu maddə ilə günahı sübuta yetirilərsə, müğənnini iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İstintaq müddətində maddənin dəyişməsi və ya əlavə cinayətlərin üzə çıxması səbəbindən həbs müddətinin artıb-azalması ehtimalı da var.
Qeyd edək ki, qətldə təqsirləndirilən Etibar Məmmədovla (Qoca ləqəbli avtoritet) Əli Ağaminin qaçışının mütəşəkkil dəstə tərəfindən planlaşdırıldığı məlum olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın və daha bir neçə digər şəxs də olub.
Yaxın vaxtlarda həbs edilənlərlə bağlı rəsmi məlumatın yayılacağı gözlənilir.