APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbçisi şəhid olub, 2 hərbçisi isə yaralanıb. Eyni zamanda, cəbhə xəttində (Qazax rayonu istiqamətində) baş vermiş mina partlayışında bir nəfər mülki sakin həlak olub.
Monitorinqlərin nəticələrinə görə, aprel ayında Ermənistan Ordusunun bütün cəbhə boyu aktivliyi müşahidə olunub.
Ötən ay atəşkəs rejiminin daha çox pozulması faktı cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Bu istiqamətdə Ermənistan Ordusu tərəfindən atəşkəs rejimi 43 dəfə pozulub. Sonrakı yerdə isə 35 hadisə ilə cəbhənin Ağdam rayonu istiqaməti dayanıb.
Aprel ayında ermənilər Tərtər rayonu istiqamətində 23, Goranboy rayonu istiqamətində 21, Xocavənd rayonu istiqamətində 18, Cəbrayıl rayonu istiqamətində 21, Göygöl rayonu istiqamətində 2 dəfə atəşkəs rejimini pozublar.
Dövlət sərhədində Qazax rayonu istiqamətində 9, Gədəbəy rayonu istiqamətində 4, Tovuz rayonu istiqamətində 3 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.
Ümumilikdə 2013-cü ilin ilk 4 ayında cəbhədə 578 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161) qeydə alınıb. Ümumilikdə cari ilin ilk 4 ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi şəhid olub. Azərbaycan hərbçiləri tərəfindən bu müddətdə Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib.