Bakı Apellyasiya Məhkəməsində moteldə sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən Asif Ağamalıyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 20-də baş verib. Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu A.Ağamalıyevə qoşularaq Bakıya qaçıb. Sevgili olan qohumlar Binəqədi şossesində yerləşən “Vulkan” motelində qalıblar. Daha sonra A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.