Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 18-nə keçən gecə Nizami küçəsi 98, mənzil 53 ünvanında yaşayan 1948-ci il təvəllüdlü Rəsulov Akif Soltan oğlu öz evində bıçaqlanıb. Daxilə nüfuz edən xəsarətlər almış 65 yaşlı kişi Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırmalar nəticəsində məlum olub ki, A.Rəsulovu tanışı 1953-cü il təvəllüdlü Eminov Emanuel Əsgəroviç bıçaqlayıb. Məlumata görə, bu şəxs yaxın dost olublar. Onlar fevralın 17-də axşam saatlarında A.Rəsulovun evində yeyib-içiblər. Daha sonra sərxoş olan dostlar dava etməyə başlayıblar. Hələlik dəqiq bilinməyən səbəbdən də E.Eminov 65 yaşlı dostunu bıçaqlayaraq qaçıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.