Bu gün Bakı Apellyasiya Məhkəməsində cərahiyyə əməliyyatı zamanı dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılmış cinayət işi üzrə qərardan verilən şikayətə baxılıb. Lent.az-ın məlumatına görə, hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmə əməliyyatın baş tutduğu "Medi Sina" klinikasının Elnarə Tofiqqızının ölümündə təqsirinin olduğunu bəyan edib və Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığını əsas gətirərək, klinikaya qarşı cinayət işi qaldıraraq, Baş Prokurorluğa göndərib. Bundan başqa Medi Sina klinikasının bütün əmlakına həbs qoyulub.
Məhkəmə eyni zamanda zərərçəkən tərəfə təzminat ödənilməsi barədə qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 20, əməliyyatı aparan anestezioloq Firuz İbrahimov 10, cərrah Mahir Məmmədova 6, asistent isə 6 min manat cərimələnib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.