Əlibəy Hüseynzadəyə həsr olunmuş konfrans və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib.
Lent.az-ın məlumatına görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və TİKA-nın təşkilatçılığı, İstanbul Türk Ocaqları, Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı konfrans və Əlibəy Hüseynzadəyə həsr olunmuş məktəblilər arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılşında çıxış edən tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva Əlibəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və deyib ki, keçirilən tədbirlərdə də məqsəd Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıyır.
Millət vəkili Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olduğunu qeyd etdi. “Əli bəy Hüseynzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”.
Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyə edib. Azərbaycanla bərabər Türkiyə gəncliyinin də Əlibəy Hüseynzadə irsini daha yaxından tanımaları istiqamətindəAvrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin İstanbul, Bolu, Karabük Türk Ocaqları, Giresun Universiteti ilə birlikdə Türkiyənin müxtəlif bölgələrində də tədbirlər təşkil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət " düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Konfransın açılışında çıxış edən tədbirin təşkilatçılarından olan TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat qeyd edib ki, Azərbaycan və Türkiyənin görkəmli şəxsiyyəti olan Əlibəy Hüseynzadəni anmaq fəxrdir: “Əlibəy Hüseynzadə bizim ortaq tariximizdir. Onun 150 illiyi münasibəti ilə keçirilən müsabiqədə də məqsəd gənclərimizin, insanlarımızın bu böyük şəxsiyyəti daha yaxından tanıması və ondan örnək almasıdır. Yəni Əli bəy deyəndə, ilk növbədə, onu Azərbaycan bayrağındakı rənglərin banisi, Türkiyənin siyasi həyatında böyük rol oynamış şəxsiyyət kimi xatırlasınlar”.
Mustafa Haşim Polat bildirb ki, Azərbaycanın və Türk dünyasının böyük aydınlarının gənclər arasında daha yaxından tanıdılması istiqamətində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Hər mövsüm bir işıq" layihəsi çərçivəsində növbəti inşa müsabiqəsi Azərbaycanın və bütün Türk dünyasının böyük oğlu Əhməd Cavada həsr olunacaq və o, gəncləri tədbirdə fəal iştirak etməyə çağırıb.
Təhsil nazirinin müşaviri Samir Vəliyev də prezident İlham Əliyevin Əlibəy Hüseynzadə ilə bağlı sərəncamının əhəmiyyətindən, Əlibəy Hüseynzadənin həyatı və düşüncəsi, gənc nəsillərin bu böyük şəxsiyyəti daha yaxından öyrənməsinin vacibliyini vurğulayaraq Təhsil Nazirliyinin bu kimi layihələri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
Açılışda çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram prezident İlham Əliyevə Əlibəy Hüseynzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə xüsusi təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın sürətli inkişafı ilə bərabər Türk dövlətlərinin, Türk dünyasının birliyi, bərabərliyi istiqamətində də böyük işlər görür və dünyanın hər yerindəki türk insanları tərəfindən bu addımlar təqdirlə qarşılanır. Biz prezident cənab İlham Əliyevin bu istiqamətdəki böyük fəaliyyətini təqdirlə izləyərək İstanbul Türk Ocaqları olaraq cənab prezidentə qurumumuz tərəfindən xüsusi mükafatın verilməsini qərara almışıq və bunu bu gün burada elan etməkdən məmnuniyyət duyuruq. Eyni zamanda Azərbaycanın birinci Xanımı, millət vəkili Mehriban Əliyevanın YUNESKO-da ortaq mədəniyyətimizin qorunması və inkişafı sahəsindəki böyük xidmətlərini də daim izləyirik və İstanbul Türk Ocaqları olaraq Mehriban xanıma da xüsusi mükafatın verilməsini qərara almışıq və bunu da Bakıda elan etməkdən qürur duyuruq.
Cezmi Bayram bu kimi tədbirlərin davamlı olmasını, gənclərimizi ortaq tariximiz, mədəniyyətimiz və ortaq gələcəyimiz mövzusunda daha çox öyrətməyimiz vacibliyini bildirib.
Bundan sonra İstanbul Türk Ocaqları tərəfindən tədbirin təşkilatçıları və Əlibəy Hüseynzadə irsini araşdıran elm, ədəbiyyat insanlarına, bu irsin təbliğinə dəstək verən qeyri-hökumət təşkilatlarına mükafat təqdim edilib.
Tədbirdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva, TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat, təhsil nazirinin müşaviri Samir Vəliyev, İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram inşa müsabiqəsinin qaliblərini qiymətli hədiyyələrlə mükafatlandırıblar. Qaliblərə kompüterlər, planşetlərlə bərabər 1-ci yerin qalibinə Türkiyəyə səyahət də hədiyyə olunub. Səyahət zamanı o, Əlibəy Hüseynzadənin qəbrini ziyarət etmək,oxuduğu İstanbul Universiteti ilə, Əlibəy Hüseynzadə irsi ilə daha da yaxından tanış olmaqla bərabər, ortaq tariximizlə daha yaxından tanış olub, İstanbulun tarixi yerlərini də ziyarət edəcək. Mükafatlandırma mərasimindən sonra "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" konfransı panellər şəklində davam edib.
Əlibəy Hüseynzadə ilə bağlı ciddi araşdırmaların müəllifi Azər Turanın və Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının çıxış və rəhbərlik etdiyi panellərdə Türkiyədən gəlmiş tanınmış alimlər prof. dr. Sebahattin Şimşir, prof.dr. Şuayip Karakaş, prof. dr. Kazım Yetiş , prof. dr. Cezmi Eraslan, prof. dr. Yavuz Akpınar, prof. dr. Kamil Vəli Nərimanov çıxış edib, Əlibəy Hüseynzadə irsi, Türk dövlət və toplumlarının birliyinin daha da artması istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər.