Sabiq nazir Əli İnsanova verilən yeni ittihamlar məlum olub. Lent.az-a bu barədə vəkil Toğrul Babayev məlumat verib.
O bildirib ki, sabiq nazirə Cinayət Məcələsinin 234.1 (qanunsuz narkotik maddə), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham verilib.
**
14:01
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamın mahiyyəti bəlli olub. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş. Bu barədə sayta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbələr xəbər verib.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.
**
10:20
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsindən yeni cinayət işi başlanıb.
Bu barədə APA-ya vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.