Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Lent.az-a vəkil Bəhruz Bayramov məlumat verib. Prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. R. Səfərov ittiham üzrə tam təqsirsiz hesab edib. O, ifadəsində ittihamları qəbul etmədiyini bildirib.
R.Səfərovun ifadəsindən sonra prosesdə şahid ifadələri dinlənilib. Prosesdə fasilə elan olunub. Məhkəmə davam edir.
Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi və o azadlığa buraxıldı.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.